Taleh Kazımov onlara vəzifə verdi

09:50 - 7 Yanvar 2025

Taleh Kazımov onlara vəzifə verdi

Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə yeni təyinatlar olub.

 

Manset.az xəbər verir ki, bu barədə yanvarın 6-da qərar imzalanıb.

Qərara əsasən, Ülvi Əliyev AMB sədrinin müşaviri təyin edilib. O, 1991-ci ildə Bakı şəhərində anadan olub. 2013-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Sənayenin təşkili və idarə edilməsi” ixtisasının bakalavr pilləsindən məzun olub.

Ülvi Əliyev 2021-ci ildən 2022-ci ilədək “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri və baş icraçı direktorunun icraçı assistenti vəzifəsində çalışıb. 2022-ci ildən etibarən fəaliyyətini Mərkəzi Bankda davam etdirərək Mərkəzi Bankın sədrinin ofisində sədrin köməkçisi, Korporativ idarəetmə və katiblik departamentində Sədrin ofisi şöbəsinin rəisi, daha sonra isə Sədrin ofisi departamentinin direktoru vəzifələrində işləyib. 2025-ci ilin yanvar ayının 6-dan etibarən Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsinə təyin edilib. Ailəlidir, iki övladı var.

Fuad Fərman oğlu İsayev isə Mərkəzi Bankın baş direktoru təyin olunub. O, 1982-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunda anadan olub. 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Vergilər və vergitutma” ixtisası üzrə bakalavr, 2007-ci ildə həmin universitetin “Maliyyə və kredit” ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomu ilə bitirib.

2017-2019-cu illərdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında Strateji təhlil və risklərin idarə edilməsi idarəsinin rəisi vəzifəsində işləyin. 2019-2020-ci illərdə Mərkəzi Bankda İqtisadi təhlil departamentinin Maliyyə sektoru və bazarlarının təhlili şöbəsinin rəisi vəzifəsində fəaliyyətini davam etdirib. 2020-2024-ci illər ərzində Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində işləyib. 2025-ci ilin yanvar ayının 6-dan etibarən Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin edilib.

Bununla da, Mərkəzi Bankın sədrinin müşavirlərinin sayı 4-ə, baş direktorların sayı isə 6-ya çatıb. 

 


Xəbər xətti

8 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin