"Peşəsinə xəyanət edən şəxslərin vəkil kimi fəaliyyət göstərməsi yolverilməzdir"

14:59 - 28 Dekabr 2024

"Fəaliyyətinə xitam verilən vəkillər peşə vəzifələrini və etik davranış qaydalarını kobud şəkildə pozublar. Vəkillər Kollegiyası müstəqil peşə birliyi olsa da, vəkillərin yol verdiyi qanun pozuntuları qanunvericiliyə uyğun olaraq Vəkillərin İntizam Komissiyası tərəfindən araşdırılır. Bu proses müvafiq müraciət əsasında başlanılır və komissiya tərəfindən məsələ təhlil edildikdən sonra intizam tədbiri görülür. Tədbirlər arasında irad tutulması, töhmət verilməsi, müəyyən müddətə fəaliyyətin dayandırılması və vəkillik hüququna xitam verilməsi yer alır".

 

Manset.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında söyləyib.

Onun sözlərinə görə, bu il 17 vəkilin fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət edilib: “Həmin şəxslər peşə prinsiplərini ciddi şəkildə pozublar. Peşəsinə xəyanət edən şəxslərin vəkil kimi fəaliyyət göstərməsi yolverilməzdir”.

Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı Sərəncama əsasən, hər il dekabrın 28-nin Vəkil Günü kimi qeyd edildiyini xatırladan sədr Azərbaycanın 1999-cu ildə qəbul edilən “Vəkil və vəkillik haqqında” qanunla postsovet məkanında vəkillik təsisatını müstəqil peşə kimi tanıyan ilk dövlət olduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, vəkillik müstəqil fəaliyyət göstərmədən effektiv ola bilməz və Azərbaycan vəkilləri hər zaman vətəndaşların hüquqlarını qorumaq üçün çalışırlar.

“Vəkillər Kollegiyasının Bakıda inşa edilən yeni inzibati binası gələn il istifadəyə veriləcək. Bundan başqa, Kollegiya üzvlərinin sayının üç min nəfərə çataca gözlənilir. Gənc hüquqşünaslara Vəkillər Kollegiyası tərəfindən hərtərəfli dəstək göstəriləcək. Qeyd edim ki, Türkiyədə əvvəllər vəkilliyə qəbul imtahanla həyata keçirilmirdi, lakin artıq bu sahədə Azərbaycan təcrübəsindən nümunə götürülüb”, - deyə Anar Bağırov əlavə edib.


Xəbər xətti

29 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin