Qırğızıstan qəza ilə bağlı Qazaxıstana nümayəndə heyəti göndərir

19:48 - 27 Dekabr 2024

Qırğızıstan qəza ilə bağlı Qazaxıstana nümayəndə heyəti göndərir

Qırğızıstan Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan ölkə vətəndaşlarının vəziyyəti ilə tanış olmaq üçün mütəxəssislərini dekabrın 28-də Qazaxıstana göndərəcək.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeyev “AKIpress”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda üç Qırğızıstan vətəndaşı xəstəxanadadır, onlardan biri reanimasiyadadır.

“İki nəfərin vəziyyəti yaxşılaşıb, onlardan birinin onurğa sütunu ağır zədələnib. Prezident Sadır Nurqojoyeviç vətəndaşlarımıza qısa zamanda köməklik göstərilməsi və onların təxliyəsi prosesində Fövqəladə Hallar Nazirliyinin maksimum iştirakının təmin edilməsi ilə bağlı birbaşa göstərişlər verib. Biz əmək, sosial təminat və miqrasiya naziri Ravşanbek Azatoviç və Qazaxıstandakı səfirimiz, bizə vəziyyət barədə daim məlumat verən Dastan Stanbekoviçin fəal iştirakı ilə birgə işləyirik”, - Qırğızıstan FHN rəhbəri deyib.

O bildirib ki, dekabrın 28-də FHN-in hərbi həkimi, şöbə müdiri və Əmək Nazirliyinin əməkdaşı Qazaxıstana yollanacaq.

“Elə sabah zərərçəkənlərin yaxınları da oraya gedəcəklər. Bu gün həkimlərin konsultasiyası olub və onlar qərara gəliblər ki, xəstələrin indi nəql edilməsi məqsədəuyğun deyil. Bu, onların sağlamlığına xeyirdən çox ziyan vura bilər. Çox güman, sabah bizim nümayəndələrlə yaralıların qohumları durumu yaralıların özləri ilə müzakirə edəcək. Düşünürük ki, onlar daha uzun müddət, vəziyyətləri sabiqləşənə qədər qalacaqlar”, - Ajikeyev bildirib.

O əlavə edib ki, Qazaxıstan tərəfi müalicə müddətini uzatmağa və yaralıların vəziyyəti sabit olduqdan sonra onları bizə təhvil verməyə hazır olduğunu bildirib.


Xəbər xətti

28 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin