Qiymətlər niyə bahadır? - "Vasitəçi onu alır 60 qəpiyə, satır 3 manata"

10:00 - 21 Dekabr 2024

Qiymətlər niyə bahadır? -

Son günlərdə kənd təsərrüfatı məhsullarının qiymətində artım müşahidə olunur. Uzun müddət Azərbaycan kənd təsərrüfatının inkişafı ilə bağlı ciddi addımlar atılıb, müxtəlif dövlət proqramları qəbul edilib, vəsaitlər ayrılıb. Bəs bu artımlara səbəb nədir? Kənd təsərrüfatı niyə bu gündədi?

 

Manset.az kənd təsərrüfatında qiymətlərin yüksək olması ilə bağlı araşdırmalar aparıb. İqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirir ki, son dönəmdə bütün dünyada yaşanan kənd təsərrüfatı sahəsində qiymətlərin artımı bizi də narahat etməlidir:

 

“ Azərbaycan hər zaman kənd təsərrüfatının inkişafı ilə bağlı ciddi addımlar atıb, vəsaitlər ayırıb, fermerlərin yaxşı işləməsi üçün təchizatlar yaradıb. Vaxtilə Bakının təminatını Bakı kəndləri təmin edirdi.  Biz indi müzakirə etməliyik ki, Bakı kəndləri bu gün bu prosesdə iştirak edə bilirmi? Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi var. Onun elmi tədqiqat universiteti var. Bu elə bir məsələdir ki, elmi cəhətdən çox ciddi şəkildə izah edilməlidir ki, qiymətə təsir edən amillər hansılardır? Hansı addımlar atılmalıdır? Elmi cəhətdən izah olunmalıdı hansı sahədə boşluqlar var? Biz düşündük ki, yarımarkalar gətirib məhsul satacaq.  Ancaq orda biz uğur qazana bilmədik. Niyə? Səbəb nədir? Bunlar ciddi müzakirə mövzusudu. Təhlil olunduqdan sonra qərar verilməlidi. Biz modelizasiya proqramını yəni Bakıdan-kəndə proqramını qəbul etməliyik. Bakıdan kəndə gedən insanları kənd təsərrüfatı məhsulları, texnika və torpaqla təmin edib, onlara ciddi dəstək verilə bilər ”.

Professor Zahid Məmmədov maraqlı təkliflər irəli sürüb:

“Bakı ətraf kəndlərinin ərzaq təminatında iştirakı vacibdi. Vaxtilə, Bakıya süd və ət məhsulları Bakı kəndlərindən gəlirdi. Bu gün şəhəri o kəndlərdən süd məhsulları ilə təmin edə bilərmi? Mən hesab edirəm ki, xalq bazarları açıla bilər.  Bölgələrdən gələn məhsulları o bazarda sata bilərik. Bütün rayonlar da biləcək ki, həmin gün onun məhsullarını satmağa imkanı var. Bakının bazarları da Bakının gözəlliyinə uyğun olmalıdır. Bazarda nə gəldi olmamalıdır. Çox səliqəli geyim tərzi, piştaxtlar təmiz, tələblər qaydalara uyğun, inamlı və güvənli olmalıdır.

Professor Zahid Məmmədov qeyd edir ki, satış bazarında ən böyük problem vasitəçidir:

“Burda əsas məsələ vasitəçini aradan çıxartmaqdı. Məsələn satışda mandarin var.  Vasitəçi onu alır 60 qəpiyə, satır 3 manata. Vasitəçinin gəlir mənbəyi bəzən istehsalçının gəlir mənbəyindən on dəfə çox olur. Ona görə biz vasitəçi olmadan istehsalçının bir başa bazara çıxışını və girişini təmin etməliyik. Bir başa istehsalçıdan istehlakçıya ərzaq təmin oluna bilər. ”

Professor Zahid Məmmədov həmçinin onu da bildirib ki, xaricdən gələn ekspertlər, mütəxəssislər Azərbaycan iqtisadiyyatını, fəlsəfəsini bilmədən, tədqiqat aparmadan kənd təsərrüfatı ilə bağlı heç bir nəticəyə gələ bilməz. Bunun üçün sifarişli əsaslarla tədqiqatlar aparılmalıdır. Hər bir fikrin elmi əsası olmalıdır.


Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin