"Biz sübut etməli idik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır" - Prezident

17:58 - 26 İyun 2021

"Bir daha demək istəyirəm ki, bizim hazırlığımız hərtərəfli olmalı idi. Çünki biz, ilk növbədə, beynəlxalq müstəvidə uğur qazanmalı idik və buna nail olduq. Son illər ərzində aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər. Mən bu barədə müharibədən əvvəl dəfələrlə öz fikirlərimi bildirirdim və vətəndaşlara bu fikri çatdırmağa çalışırdım ki, bu, münaqişənin həlli üçün əsas amillərdən biridir. Çünki biz sübut etməli idik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir. Biz sübut etməli idik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Nə üçün sübut etməli idik? Çünki Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi vəziyyətlə bağlı tam təhrif edilmiş mənzərə ortaya qoyurdular. Əfsuslar olsun ki, ermənipərəst qüvvələr, Ermənistanın xaricdəki havadarları bu saxta reallığı gerçəyə çevirməyə çalışırdılar. Bizim isə imkanlarımız çox məhdud idi. Ona görə beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək bizim üçün başlıca vəzifə idi. Belə də oldu. Aparıcı beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim bizə qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, bizim maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul etmişlər. Bu, məsələnin beynəlxalq tərəfi idi".

Manset.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə deyib.

"Eyni zamanda, biz ikitərəfli formatda əlaqələrimizi gücləndirməli idik. Baxın, görün, son illər ərzində bizim dostlarımızın sayı nə qədər artıb. Bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi onu bir daha göstərdi. Ermənistan demək olar ki, tamamilə təcrid edilmiş vəziyyətdə idi. Bəzi ermənipərəst xarici dairələrin çıxışlarını, bəyanatlarını mən indi kənara qoyuram. Amma bizim yorulmaz fəaliyyətimiz nəticəsində bütövlükdə dünyada bu müharibə ilə bağlı artıq tam konkret və həqiqəti əks etdirən təsəvvür var idi. O cümlədən ikitərəfli formatda bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində qurduğumuz münasibətlər bizim gücümüzü artırırdı. Qardaş ölkələr - Türkiyə başda olmaqla Pakistan və Əfqanıstan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər ölkələr müharibənin ilk saatlarından bizə öz dəstəyini göstərirdi. Bu, əyani şəkildə onu göstərir ki, bizim nə qədər güclü beynəlxalq dəstəyimiz vardır. Ermənistanı kim dəstəklədi? Biz onu yaxşı bilirik və o ölkələrin adlarını bugünkü mərasimdə çəkmək yersizdir. Ancaq o bəyanatlar nəyi dəyişdi? Heç nəyi. Çünki biz ortalığa beynəlxalq hüquq qoymuşuq, ədalət qoymuşuq, güc qoymuşuq", - dövlət başçısı bildirib.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin