"Xəzər regionu yaşıl enerji ixracında böyük potensiala malikdir" - Britaniya

01:00 - 5 Dekabr 2024

“Dünya Bankının məlumatlarına görə, Xəzər dənizində külək enerjisi potensialı çox böyükdür. Bu göstərici Avropa İttifaqının enerji potensialını dəfələrlə üstələyir. Xəzər regionunun yaşıl enerji istehsalı və onun Avropaya ixracı üçün geniş imkanları mövcuddur”.

 

Manset.az xəbər verir ki, bunu Britaniyanın Xarici İşlər Nazirliyi ilə Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Departamentinin birgə yaratdığı Beynəlxalq Enerji Bölməsinin direktor müavini Sofi Vestleyk Xəzər Siyasət Mərkəzi tərəfindən Londonda keçirilən “Caspian Energy Security and Post-COP29” adlı konfransda deyib.

O, Xəzər regionunun enerji təhlükəsizliyi və yaşıl enerji potensialı ilə bağlı fikirlərini bölüşüb. Sofi Vestleyk qeyd edib ki, Xəzər regionu Avropa üçün enerji təhlükəsizliyi və diversifikasiya baxımından strateji tərəfdaşdır. O əlavə edib ki, Avropa və Xəzər regionu arasında enerji əlaqələrinin gücləndirilməsi enerji keçidi üçün vacibdir: “Biz bütün Avropa və Xəzər regionu arasında təcrübə mübadiləsi və daha yaxşı interkonektivliyin enerji keçidini sürətləndirə biləcəyinə inanırıq”, - deyə o, qeyd edib.

COP29 haqqında da fikirlərini bölüşən Sofi Vestleyk Azərbaycanın Sədrliyi ilə əldə olunan razılaşmanı yüksək qiymətləndirib: “Biz COP-da razılaşmanın əldə olunmasından çox məmnunuq və Azərbaycanı buna nail olduğu üçün təbrik edirik”

O, əlavə edib ki, müzakirələr zamanı razılaşmanın kifayət qədər əhatəli olub-olmaması ilə bağlı müxtəlif fikirlər səsləndirilsə də, diqqət əsasən mövcud fondların ən effektiv şəkildə istifadəsinə yönəldilməlidir: “Bizim üçün ən vacib məsələ, mövcud fondlardan istifadə edərək özəl sektor vəsaitlərini daha yaxşı cəlb etmək və maliyyələşdirmə mexanizmlərini daha yaxşı koordinasiya etməkdir. Məqsədimiz mövcud vəsaitlərin maksimum dərəcədə səmərəli şəkildə istifadə olunmasını təmin etməkdir”,- deyə Sofi Vestleyk qeyd edib.

O, həmçinin metan emissiyalarının azaldılmasının vacibliyini vurğulayıb və COP29 çərçivəsində Bakıda keçirilən tədbirlər zamanı bu məsələnin müzakirə edildiyini bildirib: “Qlobal istiləşmənin 30 faizi metan emissiyalarından qaynaqlanır və bunun böyük bir hissəsi enerji sektorundan gəlir. Biz bu sahədə Xəzər regionu ilə əməkdaşlığı genişləndirmək və emissiyaların azaldılması istiqamətində birgə işləmək istəyirik”.


Xəbər xətti

5 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin