Kərə yağı adı ilə aldığı məhsul "maşın yağı" çıxdı - AQTA-dan açıqlama
23 Noyabr 2024
22:47 - 19 Noyabr 2024
Bakıda davam edən COP29 çərçivəsində noyabrın 19-da "İqlim üçün mədəniyyət: gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi" mövzusunda panel sessiyası keçirilib.
Manset.az xəbər verir ki,sessiya Heydər Əliyev Fondu, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, ICESCO və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Əvvəlcə "Newman Partnership" təşkilatının təsisçisi Martin Nyuman panelin mövzusu haqqında məlumat verib, çıxışçıları təqdim edib. Ölkəmizin irəli sürdüyü “İqlim üçün mədəniyyət” (C4C) təşəbbüsü ilə bağlı videotəqdimat olub.
Sonra Mədəni Mülkiyyətin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) baş direktoru Aruna Françeska, ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, İordaniya Haşimilər Krallığının şahzadəsi, UNESCO-nun xoşməramlı səfiri, Petra Milli Trestinin prezidenti xanım Dana Firas və Azərbaycan Milli Məclisinin deputatı, Heydər Əliyev Fondu Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov çıxış ediblər.
Çıxışlarda mədəniyyət layihələrinin, vasitələrinin və bu sahədə çalışanların ilhamlandırıcı və dəyişdirmək imkanları barədə söz açılıb. Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu (GFCBCA) və "İqlim üçün mədəniyyət" təşəbbüsünün bu sahədə cəhdlərin nümayiş etdirilməsində, mədəniyyətin bütün dünyada davranış dəyişikliyinin katalizatoru kimi gücünün artırılmasındakı rolu diqqət mərkəzinə çəkilib.
Qeyd olunub ki, araşdırmalara əsasən, istixana effekti yaradan qazların təqribən 72%-i fərdi davranış və qərarların nəticələrinə aid edilə bilər. Bu, nəticələrin yüngülləşdirilməsi, adaptasiya üçün maliyyə mexanizmləri, emissiyaların azaldılması istiqamətində ambisiyalı hədəflər və öhdəliklərlə yanaşı, insan davranışında qətiyyətli dəyişikliyin də iqlim böhranı ilə mübarizədə vacib vasitələrdən biri kimi nəzərdən keçirilməli olduğunu göstərir.
Tarix boyunca davranışlarımıza yön verən dəyərlərin ötürülməsində mərkəzi rol oynayan mədəniyyət bu gün də fundamental davranış dəyişikliklərinin formalaşdırılmasında və modelləşdirilməsində yerli, milli, regional və qlobal səviyyələrdə əhəmiyyət kəsb edir. Hazırda mədəniyyətin təsir imkanlarından istifadə etmədən iqlim böhranı ilə səmərəli mübarizə aparmaq mümkün deyil. İndiyədək bu sahədə müəyyən addımlar atılsa da, daha təsirli layihələrə ehtiyac var və əsaslı dəyişiklik üçün əlverişli fürsət yaranıb.
Diqqətə çatdırılıb ki, son zamanlar aidiyyəti dövlət qurumları və müvafiq QHT-lər daxil olmaqla, üzvlərinin sayı artan Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupunun aktiv fəaliyyəti COP29 zamanı özünü daha çox göstərib. COP29 çərçivəsində noyabrın 15-də keçirilən Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşündə adıçəkilən qrupun işi üçün texniki tapşırığın uğurla qəbul edilməsi vacib nəticələrdən biridir.
Müzakirələr zaman o da bildirilib ki, COP-a sədrliyi dövründə Azərbaycan hökuməti ətraf mühitə münasibətdə insan davranışlarının dəyişdirilməsi imkanlarına malik innovativ mədəniyyət layihələrinin aktiv təbliğatı, araşdırma və dialoqlar üçün yeni platforma olan "İqlim üçün mədəniyyət" təşəbbüsünü irəli sürməklə iqlim debatında mədəniyyətin səsinin yüksəldilməsi səylərinə əhəmiyyətli dəstək göstərib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, xatirə şəkli çəkdirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin