“Azərbaycanın buna nail ola biləcəyinə şübhə ilə yanaşırdılar”
24 Noyabr 2024
20:30 - 16 Noyabr 2024
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı), ADA Universiteti, IDEA İB, “Caspian İntegrated Scientific Network” (CASPISNET), ABŞ-ın Kaliforniya Universiteti (UCLA) və BMT-nin Ətraf Mühit Proqramı (ƏMP) tərəfindən birgə təşkil olunan “Xəzər dənizi hövzəsi: risklərin qiymətləndirilməsi və aradan qaldırılması” mövzusunda dəyirmi masa müzakirələrində iştirak edib.
Manset.az xəbər verir ki, Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində həyata keçirilən tədbirin açılışında çıxış edən Leyla Əliyeva Xəzər dənizinin ətraf mühitinin mühafizəsinin əhəmiyyətini vurğulayıb. Dünya göllərinin ümumi su ehtiyatlarının 40 faizdən çoxunu təşkil edən Xəzər dənizinin malik olduğu zəngin ekosistem barədə tədbir iştirakçılarına məlumat verilib. Leyla Əliyeva Xəzər dənizində yaşanan problemlərin bir sıra canlıların, o cümlədən suitilər, nərə və qızılbalıqların populyasiyasına təsir etdiyini bildirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti IDEA İctimai Birliyi tərəfindən icra olunan müvafiq fəaliyyətlər, o cümlədən “Zəngin hövzələr”, “Bir damcı” layihələri və “Blue Marine Foundation” təşkilatı ilə əməkdaşlıq çərçivəsində Xəzər dənizində yaradılan ilk dənizkənarı mühafizə olunan ərazi seçilmiş Qızılağac Milli Parkı ilə bağlı bir sıra məsələlərə toxunub. Qeyd olunub ki, 2011-ci ildən etibarən 7 mindən çox könüllünün yardımı ilə sahilyanı ərazilərdən 120 tona yaxın tullantı toplanaraq təkrar emal edilib. Ətraf mühitin mühafizəsi sahəsində gənclərin rolunu vurğulayan Leyla Əliyeva Xəzər dənizinin gələcək nəsillər üçün qorunub saxlanılması istiqamətində çalışacaq gənc mütəxəssislərin yetişdirilməsinin əhəmiyyətini qeyd edib.
Çıxışının yekununda Leyla Əliyeva Xəzər dənizinin unikal ekoloji sisteminin qorunması naminə monitorinq və davamlı təhlillərin aparılmasının vacibliyini qeyd edərək beynəlxalq ekspertlər və tədqiqat mərkəzlərinin nümayəndələrini birgə layihə və təşəbbüslərlə çıxış etməyə çağırıb.
Dəyirmi masa çərçivəsində, həmçinin Bakı Limanının baş direktoru Taleh Ziyadov, Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov, BMT ƏMP-nin “GRID-Geneva” proqramının rəhbəri Paskal Peduzzi, UCLA Universiteti Ətraf Mühit və Dayanıqlılıq İnstitutunun professoru, “CTrees” layihəsinin rəhbəri Sassan Saatchi, Bakı Limanının eksperti və CASPISNET-in koordinatoru Elnur Səfərov, Nazarbayev Universitetinin professoru Emil Bayramov və Rusiya Elmlər Akademiyası P.P.Şirşov adına Okeanologiya İnstitutunun professoru Andrey Kostyanoy tərəfindən müzakirə mövzusu ilə bağlı müxtəlif fikirlər irəli sürülüb.
Sonda Xəzər dənizində müşahidə olunan hərtərəfli problemlərin öyrənilməsi və onların mümkün həll yollarına dair təkliflərin irəli sürülməsi məqsədilə Xəzər İqlim və Dayanıqlılıq Mərkəzinin yaradılması elan edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin