Ərdoğanla eyni təyyarədə olan azərbaycanlı kimdir? - FOTOLAR
14 Noyabr 2024
19:44 - 9 Noyabr 2024
AR ETN İnformasiya Texnologiyaları İnstitutunda “Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, pozitiv və neqativ aspektləri” mövzusunda respublika elmi-praktiki konfransı keçirildi. Tədbirin təşkilatçıları İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Texniki Universiteti, Milli Aerokosmik Agentliyi və Radiasiya Problemləri İnstitutudur.
Manset.az xəbər verir ki, konfransın açılış mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev əvvəlcə 8 Noyabr Zəfər Gününün tarixi əhəmiyyətindən söz açdı. Bildirdi ki, 4 il bundan öncə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz 44 gün müddətində şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Alim xalqımızın Vətən müharibəsi dövründə Ali Baş Komandanın ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdiyini söylədi, hər kəsi çoxəsrlik tariximizə qızıl hərflərlə yazılan Zəfər Günü münasibətilə təbrik etdi.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Sonra akademik R.Əliquliyev yaşıl və rəqəmsal transformasiyalar problemlərinə həsr olunmuş konfransın əhəmiyyətindən danışdı. Alim sağlam ətraf mühitin və yaşıl cəmiyyətin formalaşdırılmasının dövlət siyasətinin əsas prioritetlərindən olduğunu, ölkəmizdə yaşıl və rəqəmsal transformasiyaların inkişafı, eyni zamanda ekoloji problemlərin həlli istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini söylədi. Bildirdi ki, yaxın günlərdə keçiriləcək COP29 tədbiri həm dövlət, həm də alim və mütəxəssislərin qarşısında ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi və yaşıl cəmiyyətin formalaşdırılması ilə bağlı yeni öhdəliklər, mühüm vəzifələr qoyur.
Akademik R.Əliquliyev yaşıl rəqəmsal texnologiyalarla bağlı tədqiqatların İnformasiya Texnologiyaları İnstitutunun diqqət mərkəzində olduğunu qeyd etdi, həmçinin rəqəmsal texnologiyaların yaşıl transformasiyalara neqativ və pozitiv təsirlərindən danışdı: “Əsas məqsədimiz İKT-nin, rəqəmsal texnologiyaların ətraf mühitə mənfi təsirlərinin azaldılması, eləcə də süni intellektin tətbiqi ilə yaşıl cəmiyyətin, yaşıl iqtisadiyyatın formalaşması istiqamətində problemləri araşdırmaq və onların həllinə töhfə verməkdir”.
AMEA-nın vitse-prezidenti ekoloji problemlərin həllində yaşıl riyazi modellərin işlənilməsi məsələsinə də toxunaraq, artıq dünyanın müxtəlif ölkələrində yaşıl riyaziyyata həsr olunmuş konfransların, simpoziumların keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, yaşıl riyaziyyatın metodlarından istifadə edərək multidissiplinar tədqiqatlar aparılmalı, bu istiqamətdə fəaliyyət genişləndirilməlidir.
Alim çıxışının sonunda yaşıl və rəqəmsal transformasiyalara həsr olunmuş respublika elmi-praktiki konfransının 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi baxımından mühüm elmi nəticələrlə yadda qalacağına əminliyini ifadə etdi.
Sonra Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev çıxış etdi. Professor V.Vəliyev konfransın Zəfər Günü və dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərindən olan COP29 ərəfəsində keçirilməsini, eləcə də bu mötəbər tədbirin çağırışlarından irəli gələn elmi problemlərə həsr olunmasını əlamətdar hadisə kimi qiymətləndirdi. Bugünkü konfransın dünya ölkələrinin qarşısında duran ən mühüm məsələlərdən olan dayanıqlı inkişaf məqsədlərinə nail olunması ilə bağlı problemlərin həllinə istiqamətləndiyini bildirdi.
Alim ölkəmizdə iqtisadi, sosial və ekoloji problemlərin aradan qaldırılmasında dövlət başçısı tərəfindən təsdiq olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi. 2015-ci ildən dünyada bərabər inkişafın təməllərinin qoyulması ilə bağlı yeni məqsədlərin müəyyən edildiyini, dayanıqlı inkişaf məqsədlərindən irəli gələrək dövlətlər qarşısında ətraf-mühit, iqlim dəyişmələri ilə bağlı mühüm vəzifələrin müəyyən edildiyini diqqətə çatdırdı. O, ölkəmizdə dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi istiqamətində bir çox strategiyalar və dövlət proqramlarının qəbul edildiyini, rəqəmsal və yaşıl transformasiyaların gətirdiyi reallıqlar kontekstində insan kapitalının artırılması və s. ilə bağlı əhəmiyyətli tədbirlərin həyata keçirildiyini, eləcə də yeni texnologiyaların, o cümlədən yaşıl enerjinin artıq bütün sahələrdə geniş tətbiq olunduğunu söylədi. Alim həmçinin ölkəmizdə yaşıl təfəkkürün formalaşdırılması, ətraf-mühitin qorunması, utilizasiya proseslərinə dəstək verilməsi, enerji səmərəliliyinin təmin olunması üçün yeni rəqəmsal texnologiyaların işlənilməsinə ehtiyac duyulduğunu diqqətə çatdırdı, konfransın bu kimi problemlərin geniş müzakirəsi baxımından əhəmiyyətini qeyd etdi.
Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov bu günlərdə keçirilməsi planlaşdırılan və dünyanın müxtəlif ölkələrindən 60 mindən çox nümayəndənin qatılacağı COP29 tədbirinin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldilməsi baxımından böyük siyasi və iqtisadi əhəmiyyətə malik olduğunu vurğuladı. Alim bu kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsi ilə hər bir vətəndaşın, o cümlədən alimlərimizin qarşısında ölkəmizi tanıtmaq və təbliğ etmək baxımından mühüm vəzifələrin dayandığını söylədi.
Professor M.Mərdanov COP29 tədbiri ərəfəsində ölkəmizdə yaşıl və rəqəmsal transformasiyalarla bağlı görülən işlərin bir istiqaməti olan bugünkü konfransın aktual elmi problemlərin müzakirə olunması baxımından önəmini qeyd etdi, konfransı “Yaşıl dünya naminə həmrəylik ili”nə mühüm töhfə kimi qiymətləndirdi.
Sonra çıxış edən Milli Aerokosmik Agentliyin baş direktoru, professor Natiq Cavadov Zəfər Günü və COP29 tədbiri ərəfəsində keçirilən konfrasın əhəmiyyətini vurğuladı, seksiya iclaslarında təqdim ediləcək məruzələrin çox əhəmiyyətli mövzulara həsr olunduğunu qeyd etdi.
Alim “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 tədbiri çərçivəsində Milli Aerokosmik Agentliyinin qarşısında duran vəzifələr və həyata keçirdiyi tədbirlərdən danışdı. Həmçinin Agentlik tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə bərpa işləri çərçivəsində icra olunan layihələr, ekoloji problemlərin həlli istiqamətində aparılan tədqiqatlar və əldə olunan nəticələr haqqında dolğun məlumat verdi.
Professor N.Cavadov bu kimi tədbirlərin təşkil olunmasının ölkəmizdə yaşıl və rəqəmsal transformasiyalarla bağlı problemlərin həlli baxımından xüsusi əhəmiyyət kəsb etdiyini söyləyərək, konfransın işinə uğurlar arzuladı.
Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev çıxışı zamanı bu gün dünyada yaşıl iqtisadiyyat, yaşıl kimya və s. ilə bağlı əsas problemin karbon-dioksid qazının atmosferə atılması, istilik effekti yaradan bu qazların azaldılması istiqamətində atılan addımlardan, Azərbaycanın bu prosesdə rolundan bəhs etdi. Professor İ.Mustafayev hazırda bu istiqamətdə həyata keçirilən əsas tədbirlərin karbon neytrallığına nail olunmasına yönəldiyini diqqətə çatdırdı. Alim uzun illərdir ki, müxtəlif ölkələrdə keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfranslarının (COP) məhz bu problemlərin həllinə nail olunmasına istiqamətləndiyini vurğuladı.
Professor İ.Mustafayev kimya sənayesində yüksək temperaturlarda aparılan kimyəvi proseslərin alınmasının yeni metodlarla həyata keçirilməsinin zəruriliyinə toxundu, bu istiqamətdə rəhbərlik etdiyi institutuda görülən işlər haqqında məlumat verdi, o cümlədən hidrogen energetikası sahəsində əldə olunan nailiyyətlərdən danışdı. Professor həmçinin İnformasiya Texnologiyaları İnstitutu ilə birgə milli radiasiya təhlükəsizliyinin monitorinqi sisteminin yaradılması sahəsində həyata keçirilən tədqiqatlardan, həmçinin xüsusi sensorlarla təchiz olunmuş PUA-ların köməyilə işğaldan azad olunmuş ərazilərimizdə aparılan monitorinqlər və onların elmi-praktiki nəticələrindən bəhs etdi.
Tədbirdə Milli Aerokosmik Agentliyin Ekologiya İnstitutunun direktoru, professor Bəhram Əliyev çıxış edərək dünyanı və respublikamızı narahat edən əsas ekoloji problemlər, onların yaranma səbəbləri və həlli yollarından danışdı. Bu gün iqlim dəyişmələri və onun yaratdığı fəsadların bəşəriyyəti ən çox narahat edən problemlərdən olduğunu deyən alim diqqətə çatdırdı ki, problemin əsasında atmosferdə karbon qazının miqdarının artması dayanır ki, bu da bütün bəşəriyyət üçün böyük təhlükələrə yol açır. Professor B.Əliyev Azərbaycanda qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması istiqamətində həyata keçirilən dövlət siyasətindən də bəhs etdi. Bildirdi ki, 2030-cu ilə qədər ölkəmizdə istilik effekti yaradan qazların emissiyasının 35 faiz azaldılması, 2050-ci ildə isə bu rəqəmin 40 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilmişdir.
Sonra konfrans öz işini “Yaşıl cəmiyyətin formalaşmasında rəqəmsal texnologiyalar” və “Yaşıl iqtisadiyyata keçidin elmi praktiki problemləri” adlı seksiya iclasları ilə davam etdirdi.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin