"İftiralara və təzyiqlərə sinə gərərək bu Zəfəri qazandıq" - Azay Quliyev

13:45 - 8 Noyabr 2024

Bu gün, noyabrın 8-də xalqımız böyük qürurla tarixi Zəfər Bayramını və “Şuşa Şəhəri Günü”nü qeyd edir. Hər iki tarixi Gün münasibətilə xalqımızı, Müzəffər Ali Baş Komandanı, Silahlı Qüvəllərimizin bütün mənsublarını, şəhid ailələrini, qaziləri və müharibə iştirakçılarını ürəkdən təbrik edirəm.


Bu, Zəfər və bu, Vətən üçün canlarını fəda edən qəhrəman Şəhidlərimizin əziz xatirəsini sonsuz minnətdarlıq hissilə anır və onlara Allahdan rəhmət diləyirəm.

Dünya hərb tarixinə qəhrəmanlıq və peşəkarlıq nümunəsi kimi qızıl hərfləlrə yazılan, yeni milli kimliyimizi bəlirləyən, 200 illik milli faciələr silsiləsinə son qoyan və milli ləyaqət tariximizə çevrilən 8 Noyabr Günü hər bir azərbaycanlının və bütövlükdə, Türk dünyasının 21-ci yüzildəki Zəfər səlnaməsidir.

İllər keçsə də 44 günlük Vətən müharibəsində mislsiz igidlik və şücəat nümunələri yaratmış əsgər və zabitlərimizin qəhrəmanlığı və döyüşkən vətənpərvərlik ruhu; Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdərlik bacarığı, qətiyyəti, siyasi dühası və diplomatik məharəti, qələbəmizi təmin edən milli birlik və siyasi həmrəylik haqqında hər zaman ürəkdolusu və fəxarətlə danışılacaq.

Bu qələbəni Azərbaycan və onun Lideri təkcə döyüş meydanında vuruşaraq qazanmadı. Dünya erməniliyinin 100 illik maddi və siyasi resurslarını özündə cəmləyən Ermənistan və onu açıq müdafiə edən qlobal güclərin ölkəmizə qarşı açdığı digər cəbhələrdə - informasiya və diplomatiya cəbhəsində də mücadilə edərək, haqqımızı qoruyaraq və bütün iftiralara və təzyiqlərə sinə gərərək bu Zəfəri qazandıq.

İgidlərimizin noyabrın 8-də sıldırım qayaları aşaraq Qafqazın incisi olan Şuşanı azad etməsi müharibənin taleyini həll etdi. Müzəffər Ali Baş Komandan 10 noyabr Üçtərəfli Bəyanatı imzalamaqla bir tərəfdən Ermənistanın kapitulyasiyasını rəsmiləşdirdi, digər tərəfdən, Ağdam, Kəlbəcər və Laçın rayonlarını müqavimətsiz və itkisiz azad olunmasına nail oldu. Bu dünyanın son 100 illik tarixində işğal olunmuş ərazilərin hərbi-siyasi yolla azad etməyin yeni uğurlu nümunəsi idi. Bunun ardınca Qarabağın yerdə qalan hissəsinin 2023-cü ilin sentyabrında cəmi 1 günə işğalçılardan və separatçılardan tam təmizlənməsi, Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması isə dövlətimizin bənzəri olmayan çox böyük tarixi qələbəsi idi.

Bəli, son 20 ildə Prezident İlham Əliyevin yeni baxışları və əlavə etdiyi müasir dövlətçilik anlayışı ilə daha da zənginləşən Heydər Əliyev siyasəti zirvələri fəth edərək Azərbaycanın nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi.

Azərbaycanın və onun Liderinin uğuru həm də onunla izah olunur ki, xalqımız torpaqlarımızın azad olunmasına qədər çox böyük inkişaf və tərəqqi yolu keçdi, 12 noyabrda 29 yaşını qeyd edəcəyimiz Ulu Öndərin müəllifi olduğu Konstitusiyamızda təsbit olunan müstəqil dövlət quruculuğuna sözdə yox, real həyatda nail oldu, siyasi, sosial, mədəni, iqtisadi sahələrdə və ən vacibi isə ordu quruculuğunda, vətənpərvər gənc nəslin yetişdirilməsində, vətəndaş cəmiyyətinin möhkəmlənməsində köklü dəyişiklərə və uğurlara imza atdı.

Lakin uğradıqları acı məğlubiyyəti heç cür həzm edə bilməyənlər və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə razılaşmayanlar ölkəmizə qarşı apardıqları savaşı dayandırmaq fikrində deyillər.

Bu dairələrin hədəfi dəyişməz olaraq qalır: ölkəmizin beynəlxalq nüfuzuna və əlaqələrinə ola biləcək qədər zərbə vurmaq, iftira və yalan kamapaniyasını genişləndirmək, sementləşən milli birliyimizi və siyasi həmrəyliyimizi zədələmək, qələbəmizi unutdurmaq və ya adiləşdirmək, ictimai mühütü zəhərləmək və ideoloji təhlükəsizliyimizi daim təhdid altında saxlamaq. Bunun üçün onlar hər cür çirkin üsullara əl atır, milli maraqlara hər zaman xəyanət etmiş AXCP və “Milli Şura” kimi cəmiyyətdən dışlanmış marginal qrupların, eyni zamanda, xaricdə kiraladıqları “azərbaycanlıları”n xidmətindən geniş şəkildə istifadə edirlər.

Ancaq onlar heç nəyə nail ola bilməyəcəklər! Azərbaycanda nə qədər güclü Lider, milli birliyik və həmrəylik var, nə qədər ki, milli birliyimizin və gücümüzün rəmzi olan “Dəmir yumruq” yerindədir anti-Azərbaycan qüvvələrin məkrli planlarının həyata keçməsi mümkün olmayacaq.

Zəfər Bayramın və Şuşa Şəhəri Günün mübarək və əbədi olsun, Azərbaycan xalqı!

 

Azay Quliyev

Millət vəkili


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin