İlham Əliyevdən Kəlbəcər Günü PAYLAŞIMI
25 Noyabr 2024
10:09 - 25 İyun 2021
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, həmçinin, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti genişmiqyaslı əməliyyatlar həyata keçirilib.
DİN-dən Manset.az-a verilən məlumata görə, Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Kür çayının Ağdaş rayonu Pirəzə kəndi ərazisindən keçən hissəsində yerləşən adada külli miqdarda narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal qeyd edilən ada əməliyyat nəzarətinə götürülüb.
Baş İdarənin Bərdə və Ağdaş Rayon Polis Şöbələrinin əməkdaşları ilə birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində həmin adada narkotik vasitələrin kultivasiyası ilə məşğul olan Ağdaş sakinləri Tayfun Məmmədov və həmyerlisi Çingiz Məmmədov saxlanılıblar. Adaya baxış zamanı həmin şəxslər tərəfindən kultivasiya edilən yaş kütləsi 12 ton 270 kiloqram olan ümumilikdə 8227 ədəd çətənə kolu, aqrotexniki qulluq vasitələri, 3 ədəd elektrik generatoru, narkotik tərkibli bitkilərin suvarılmasında istifadə edilən 500 metr boru xətti, 10 kiloqram gübrə, həmçinin, iş üçün əhəmiyyət kəsb edən sair vasitələr aşkar olunaraq götürülüb. Tayfun Məmmədov və Çingiz Məmmədov ifadələrində narkotik tərkibli bitkiləri bu ilin aprel ayında əkdiklərini və inkişafı üçün xüsusi qulluq etdiklərini bildiriblər.
Həmçinin əməliyyat tədbirlərinin davamı olaraq qeyd edilən adanın yaxınlığındakı digər adaya da Baş İdarənin əməkdaşları tərəfindən baxış keçirilib. Oradan xüsusi qulluq edilərək yetişdirilmiş 8 ton 650 kiloqram olan 5780 ədəd çətənə kolu, həmçinin? aqrotexniki qulluq vasitələri və digər ləvazimatlar aşkar olunaraq götürülüb. Aşkar edilən çətənə bitkilərini kultivasiya etmiş şəxslərin tapılaraq məsuliyyətə cəlb edilmələri istiqamətində Baş İdarənin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyatlar zamanı Ağdaş rayonu Pirəzə kənd sakini olan daha 10 nəfər saxlanılaraq istintaqa təqdim edilib.
Belə ki, tədbir nəticəsində narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən Nahid Babayev, Hümbət Əməliyev, Nurlan Əməliyev, Sahil Əməliyev, Yadulla Əliyev, Rahib Babayev, Şöhrət Musayev, Azad Məmmədov, Məmməd Eminov və Ədilxan Ədilov saxlanılıblar. Bu şəxslərin üzərlərinə baxış zamanı əlavə olaraq qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Qeyd edək ki, saxlanılan 12 nəfər şəxsin hər biri Ağdaş rayonu Pirəzə kənd sakinləridir və bir mütəşəkkil dəstənin üzvləridirlər. Onlar ifadələrində Kür çayında yerləşən adalarda narkotik tərkibli çətənə kolları əkdiklərini etiraf ediblər.
Baş İdarənin əməkdaşlarının keçirdiyi sonuncu əməliyyatlar zamanı çəkisi 21 tona yaxın kultivasiya edilən ümumilikdə 14000 ədəd çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.
Aşkar olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb və saxlanılan şəxslərin hər biri tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin