Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 20-25 aprel tarixlərində Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir.
Manset.az xəbər verir ki, tədbir çərçivəsində aprelin 22-də Alıkul Osmonov adına Qırğızıstan Milli Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi"nin açılışı olub.
Mərasimdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, TÜRKSOY-un baş katibi Sultan Raev, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova, ölkəmizin Bişkekdəki səfiri Lətif Qəndilov, Qırğzıstan Milli Yazıçılar İttifaqının sədri Kanıbek İmanaliyev və başqa qonaqlar iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Qırğızıstan milli kitabxanalarının direktorları Kərim Tahirov və Aynura Askarbekovna çıxış edərək "Azərbaycan ədəbiyyatı guşəsi"nin yaradılmasını iki ölkə arasında ədəbi-mədəni əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Kərim Tahirov deyib ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Milli Kitabxana tərəfindən xarici ölkələrin müvafiq kitabxanalarında "Azərbaycan ədəbiyyatı guşələri"nin yaradılması istiqamətində davamlı iş aparılır. İndiyədək dörd ölkədə belə guşə yaradılıb.
Qeyd olunub ki, "Azərbaycan ədəbiyyatı guşə"sində oxuculara 250-dən artıq nəşr təqdim edilir. Burada Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və müasir inkişafına dair nəşrlər yer alıb. Guşənin ölkəmizin dövri nəşrləri ilə də təminatı nəzərdə tutulur.