"Doğma torpaq" bədii filminin premyerası keçirildi - FOTOLAR

20:30 - 18 Aprel 2025

\"Doğma torpaq\" bədii filminin premyerası keçirildi - FOTOLAR

“Doğma torpaq” tammetrajlı bədii filminin premyerası olub


Manset.az xəbər verir ki, aprelin 18-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi və “Narimanfilm” kinostudiyasının maliyyə dəstəyi ilə lentə alınmış “Doğma torpaq” tammetrajlı bədii filminin premyerası keçirilib.

Tədbirdə mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikasının Insan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Ailə,  Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin sədr müavini Rafael Hüseynov, digər rəsmilər, tanınmış elm və mədəniyyət xadimləri, kinosevərlər iştirak ediblər.

Nümayişdən öncə məlumat verilib ki, “Narimanfilm”də istehsal edilən film 44 günlük Vətən müharibəsindən sonra Qarabağın azad olunan torpaqlarında, xüsusilə, Şuşada çəkilən ilk bədii ekran əsəridir. Filmdə Azərbaycanın yaxın tarixinin üç önəmli mərhələsi – indiki Ermənistan ərazisində, yəni tarixi Azərbaycan torpaqlarında yaşayan soydaşlarımızın öz doğma yurdlarından qovulması, I Qarabağ müharibəsi, xüsusən Xocalı soyqırımı və Ordumuzun 44 günlük Vətən müharibəsində şanlı Qələbəsi işıqlandırılır. 

Qeyd olunub ki, filmdə hadisələr Azərbaycanın müstəqilliyini yeni bərpa etdiyi tarixi-siyasi cəhətdən çətin və məsuliyyətli bir dövrdə, 1992-ci ildə cərəyan edir. Müstəqil Azərbaycan Qarabağda erməni separatçılarına qarşı mübarizə aparır. Jurnalist Miranda Qafqaz bəbiri haqqında sənədli film çəkmək üçün Londondan Azərbaycana gəlir. Tale onu kəşfiyyatçı Emillə qarşılaşdırır.  Onlar birlikdə çətin sınaqlardan keçirlər. Bu sınaqlar zamanı Miranda Qafqaz bəbiri və Azərbaycanın müasir tarixinin faciəli səhifələri haqqında çox şey öyrənir...

Sonra “Doğma torpaq” tammetrajlı bədii filmi nümayiş etdirilib. Tariximizin mürəkkəb, eyni zamanda qürurlu səhifələrinə işıq salan film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.    

Qeyd edək ki, çəkilişləri Qobustan, Quba, Bərdə, Zaqatala, Qax rayonlarında, Bakı və Şuşa şəhərlərində aparılan filmin quruluşçu rejissoru və ssenari müəllifi İlqar Safat və prodüseri Nəriman Məmmədovdur. Kinolentin quruluşçu operatoru Konstantin Esadze, bəstəkarı Araz Hümbətli, səs rejissoru İvan Qusakov, prodüseri Nəriman Məmmədovdur.

Filmdə əsas obrazları Rüstəm Cəbrayılov və Alina Vorontsova (Rusiya) canlandırıblar. Xalq artistləri Hacı İsmayılov, Məbud Məhərrəmov, eləcə də aktyorlar Azər Aydəmir, Qorqud Cəfərli, Rəşad Səfərov, Eldar Bağırbəyov, Əjdər Zeynalov, Yaroslav Trifonov, Əminə Abbasova və başqaları da filmdə rol alıblar.

Ekran əsərinin bir sıra ölkələrdə nümayişi və beynəlxalq festivallarda iştirakı nəzərdə tutulur.

Filmin ərsəyə gəlməsinə “PASHA Holding”, “United Alliance Group”, “Gazelli Group”, “AzMade Group”, CMS, “Azersun Holding” şirkətləri, “Caspian Energy Club” və İTV də dəstək göstərib. 

“Doğma torpaq” filmi aprelin 24-dən kinoteatrlarda nümayiş etdiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv