Aprelin 16-da ADA Universitetinin rektoru Hafiz Paşayev Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmiş Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin qonağı olub.
Manset.az xəbər verir ki, Mədəniyyət naziri Adil Kərimli Hafiz Paşayevə Yaradıcı Mərkəzdə yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, Mərkəzin əsas məqsədi gənc istedadları dəstəkləmək, onların bacarıqlarını artırmaq və yaradıcılıq potensialının reallaşdırılmasına şərait yaratmaq, mədəni və yaradıcı sənayelər sahəsində layihələr həyata keçirmək, bu sahədə yeni startapların formalaşmasına, sahibkarlıq subyektlərinin inkişafına dəstək verməkdir. Həmçinin yerli yaradıcı məhsul və xidmətlərin yaradılması və ixracının artırılması məqsədi ilə regionlardan istedadlı gəncləri cəlb etməkdir.
Hazırda Yaradıcı Mərkəz bir sıra layihələr, inkubasiya proqramları həyata keçirir - Musiqi, “Gametech”, “Cultech”. Bu proqramlar çərçivəsində artıq yeni 20-dən çox startap yaradılıb və ümumilikdə 100-dək rezident Mərkəzin xidmətlərindən istifadə edir.
Adil Kərimli qeyd edib ki, Mərkəzdə animasiya, musiqi və kino sənayesi, dizayn, yaradıcılıq sahələrində, “Ai4Art” layihəsi çərçivəsində süni intellektin istifadəsi üzrə ustad dərsləri və təlimlər keçirilib. Bu təhsil proqramlarında 200-dən çox gənc iştirak edib. Mərkəzin tərkibinə, həmçinin “Yaradıcı Market” bazar platforması, “Yaradıcı Edu.az” tədris mərkəzi də daxildir.
Daha sonra qonaq Mərkəzin müasir texnologiyalarla təchiz olunmuş foto və video, səsyazma, animasiya, rəqs və digər studiyaları ilə tanış olub.
Mədəniyyıt Nazirliyi tərəfindən həyata keçirilən “Xüsusi təqaüd Proqramı haqqında Hafiz Paşayevə ətraflı məlumat verilib. Həmçinin bildirilib ki, Yaradıcı Mərkəzin tərəfdaşları arasında həm yerli qurumlar, təşkilatlar, həm də xarici beynəlxalq təşkilatlar yer alır.
Bundan başqa Mərkəzin rezidentləri öz startapları haqqında qonağa ətraflı məlumat veriblər.
Sonda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə ADA Universiteti
arasında “Yaradıcı Mərkəz” layihəsi çərçivəsində nəzəri və təcrübi biliklərin artırılmasına dair birgə əməkdaşlıq haqqında ANLAŞMA MEMORANDUMU imzalanıb.
Qeyd edək ki, Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi (Yaradıcı Mərkəz) 2022-ci il 22 iyulda Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiqlənib. Mərkəz “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na dair Tədbirlər Planının icrası məqsədilə 2024-cü ildə Mədəniyyət Nazirliyi tərəfindən təsis edilib.