Naxçıvanın Culfa rayonunda mollalıq edən 85 yaşlı kişi həmkəndlisinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
Manset.az xəbər verir ki, hadisə ötən ilin avqust ayında baş verib.
Culfanın kəndlərinin birində mollalıq edən 85 yaşlı kişi əqli qüsurlu qadına qarşı qarajda əxlaqsızlıq edib.
Bu zaman hadisəni 46 yaşlı qadının qardaşı və bir neçə ailə üzvü görüb. Hadisənin dərhal ardından ailə üzvləri və kənd sakinləri tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib.
Molla məhkəmədə özünü təqsirli bilməyib. O, ifadəsində hadisənin yanlış başa düşüldüyünü, sadəcə qaraja ehtiyac üçün daxil olduğunu və qadınla zarafat etdiyini bildirib. Lakin şahid ifadələri və zərərçəkmişin açıqlamaları bu versiyanı təkzib edib.
Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ifadəsində hadisənin ailədə və kənddə ciddi psixoloji və sosial sarsıntı yaratdığını, məsələ ilə bağlı əvvəlcədən xəbərdarlıqların edildiyini, lakin qarşı tərəfin buna reaksiya vermədiyini qeyd edib. O, həmçinin kənddə başqa şəxslərin də təqsirləndirilən şəxsin qeyri-etik davranışlarının şahidi olduğunu, lakin ictimailəşdirməkdən çəkinildiyini bildirib.
Məhkəmə, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsi (seksual xarakterli zorakılıq hərəkətləri) ilə təqsirli olduğunu tanıyaraq, ona 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verib.