Türkiyədə aktrisa Sevil Akdağ tərəfindən bıçaqlanaraq qətlə yetirilən Elif Kıravın yaxın rəfiqəsi hadisənin şok detalları ilə bağlı danışıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, ötən gün İstanbulun Fatih rayonunda baş verən dəhşətli hadisədə aktrisa Sevil Akdağ yaxın rəfiqəsi Elif Kırava çoxsaylı bıçaq zərbələri endirib.
24 yaşlı Elif Kırav hadisə yerində həyatını itirib. Hadisənin baş verdiyi əraziyə cəlb olunan polis və təcili tibbi yardım qrupları qonşuların səs eşidərək verdiyi məlumat əsasında dərhal müdaxilə ediblər. Təhlükəsizlik kameralarının görüntülərindən istifadə edən hüquq-mühafizə orqanları Sevil Akdağı Esenyurtda saxlayıblar.
Qətlə yetirilən Elif Kıravın yaxın rəfiqəsi Bade Taş hadisədən sonra media qarşısına çıxaraq hadisə ilə bağlı şok açıqlamalar verib. Onun sözlərinə görə, Sevil Akdağ uzun müddətdir Elifə qarşı qeyri-sağlam emosional maraq göstərib:
"Hər dəfə spirtli içki içəndə və ya başqa maddələrdən istifadə etdikdə, Elifə zəng edirdi. Tez-tez ağlayır, özünü yalnız hiss etdiyini deyirdi. Ona emosional təzyiq göstərməyə çalışırdı," – deyə Bade Taş bildirib. Onun sözlərinə əsasən, Sevilin bu davranışları dost çevrəsində də narahatlıq doğurub və insanlar ondan uzaqlaşmağa çalışıblar.
Hadisənin baş verdiyi gecə Elif Kırav və dostları əylənmək üçün bir məkanda olublar. Sevil Akdağ da həmin məkanda olub. Bade Taşın bildirdiyinə görə, Sevil tualetə getdikdən sonra Elifə “Gecəni səninlə davam etdirməyəcəm” deyərək məkandan uzaqlaşıb. Elif isə həmin vaxt sevgilisi ilə məkandan ayrılaraq başqa yerə gedib. Bu ayrılıq Sevil Akdağın psixoloji vəziyyətinə təsir edərək onun qəzəbini daha da alovlandırıb.
Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq aparılır.