Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə edərək ERA təcili kredit proqramı çərçivəsində Kiyevə 1 milyard avroluq üçüncü tranşı köçürüb.
Manset.az xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıxal deyib.
"Aİ ERA çərçivəsində Ukraynaya 1 milyard avro köçürüb. Bu barədə Aİ-nin iqtisadiyyat və məhsuldarlıq üzrə komissarı Valdis Dombrovskis ilə Brüsseldə görüşümüz zamanı bildirilib", - Şmıxal öz Teleqram kanalında yazıb.
O qeyd edib ki, bu, artıq G7 ERA proqramı çərçivəsində üçüncü tranşdır.
Onun sözlərinə görə, bu təşəbbüs çərçivəsində avropalı müttəfiqlər artıq Ukraynaya 5 milyard avro vəsait ayırıblar.
Ötən ilin oktyabrında “Yeddilik” ölkələrinin liderləri birgə bəyanat yayaraq, Ukraynaya 50 milyard dollarlıq kreditin təfərrüatları ilə bağlı razılığa gəldiklərini bəyan ediblər. Kreditlərə “G7 ölkələrinin hüquq sistemləri və beynəlxalq hüquq çərçivəsində Rusiyanın dondurulmuş suveren aktivlərindən gələcək gəlirlər hesabına xidmət göstəriləcəyi” vurğulanıb.
Bildirilib ki, ABŞ Ukraynaya 20 milyard dollar ayırmağı öhdəsinə götürüb, qalan 30 milyard dollar isə G7 və Aİ-nin birgə səyləri ilə ayrılacaq. Keçən il dekabrın əvvəlində Ukrayna və Aİ Ukrayna üçün kredit əməkdaşlığı mexanizminin yaradılmasına dair saziş imzalayıblar ki, bu mexanizm dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə Kiyevə Avropa kreditlərinə xidmət və ödəmə çərçivəsini müəyyən edəcək. Mexanizm bu gəlirləri G7 ERA təşəbbüsü çərçivəsində Kiyevin tərəfdaşlarından cəlb edilmiş kreditin əsas məbləğini ödəmək üçün istifadə etməyə imkan verəcək.