ADU-da tələbə-şagird elmi konfransı keçirildi - FOTOLAR

14:34 - 30 Aprel 2025

ADU-da tələbə-şagird elmi konfransı keçirildi - FOTOLAR

Aprelin 29-da Azərbaycan Dillər Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: Konstitusiya qurucusu və milli suverenliyin qarantı” adlı respublika tələbə-şagird elmi konfransı keçirilib.


Manset.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycan Dillər Universitetinin foyesində Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

ADU-nun Elmi işlər üzrə prorektoru, professor Həmidə Əliyeva ADU-nun rektoru, akademik Kamal Abdullanın adından konfrans iştirakçılarını salamlayıb, uğurlar arzu edib.

Həmidə Əliyeva bildirib ki, konfransın ideya müəllifi olan akademik Kamal Abdulla şagirdlərin universitet həyatına hazırlanmasına və elmi bacarıqlarının artırılmasına böyük önəm verir. Konfrans həm də Azərbaycan təhsilini daha da inkişaf etdirmək, gəncləri elmə istiqamətləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd olunub ki, konfransa müxtəlif ali və orta məktəblərdən olan tələbələr və şagirdlər böyük maraq göstərir.

Konfransa ümumilikdə 900 tələbə və şagird tezislə müraciət edib. Bu fakt Azərbaycan gənclərinin elmə və Ümummilli Liderimizin ideallarına olan marağının bariz nümunəsidir.

Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev dəvətə görə universitet rəhbərliyinə öz təşəkkürünü bildirib, konfransla bağlı fikirlərini bölüşüb.

Bildirilib ki, Ulu öndər Heydər Əliyevə həsr olunan elmi konfrans şagirdlər üçün yeni elmi biliklərin və təcrübələrin öyrənilməsi üçün olduqca vacib bir tədbirdir. Gələcəkdə şagird və tələbələr tərəfindən elmi işlərin görülməsi, tədqiqat işlərinin aparılması baxımından konfransın xidmətləri böyükdür.

Daha sonra çıxış edənlər: ADU-nun Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin birinci kurs tələbəsi Ümid Orucov, Filologiya fakültəsinin birinci kurs tələbəsi Ülkər Əsgərova , Əlcəzairdən olan və ADU-nun Magistratura şöbəsində təhsil alan Oussama Bendouda , İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın 10-cu sinif şagirdi Fəridə Süleymanzadə, Yusif Mirzəyev adına 44 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Toğrul Qarayev, Nərimanov rayonu Arif Vəliyev adına 258 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdləri Nigar Anazarlı və Dəniz Hacılı konfransla bağlı düşüncələrini bölüşüblər.

Konfrans işini bölmə iclasları ilə davam etdirib. Konfransın gedişatında iştirakçılara tələbələrin hazırladıqları bədii hissə təqdim olunub.

Bölmə iclasları yekunlaşdıqdan sonra konfransın bağlanış mərasimi keçirilib. Bağlanış mərasimində bölmə rəhbərlərinin çıxışları dinlənilib. Tələbə və şagirdlərin tezisləri müzakirə olunub, elmi işlər haqqında məlumat verilib.

Qeyd olunub ki, konfransda iştirak edən tələbə və şagirdlər öz elmi biliklərini və bacarıqlarını yüksək səviyyədə nümayiş etdirməyi bacarıblar. Elmi rəhbərlər çıxışlarında tələbə və şagirdlər üçün konfransın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Bildirilib ki, Ümumilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: Konstitusiya qurucusu və milli suverenliyin qarantı” adlı respublika tələbə-şagird elmi konfransı tələbə və şagirdlərin elmi təcrübələrinin artırılması üçün önəmli tarixi hadisə kimi yadda qalacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv