“Səhiyyə Nazirliyi iki ildən artıqdır ki, bu layihələri hazırlayıb və aidiyyəti qurumlarla razılaşdırıb. Tibb mütəxəssisləri peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə əvvəllər 5 ildən bir dövri olaraq imtahana cəlb olunurdularsa, indi yeni – davamlı peşəkar inkişaf şəklində yanaşma təklif olunur”.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunların müzakirəsi zamanı bildirib.
“Bu, tibb mütəxəssisləri-həm həkimlər, həm orta tibb işçiləri, həm də əczaçılara şamil olunur. Bu, imkan verəcək ki, onlar öz bilik və bacarıqlarını təkmilləşdirsinlər. Sertifikasiya imtahanının qaydalarında da, test suallarının özündə də dəyişiklik olunacaq. Sualların yenilənməsi, onların mürəkkəblik dərəcəsinə görə sadə, orta və mürəkkəbə ayrılması baxımından da təkmilləşmə olacaq.
Kreditlərlə bağlı isə, tədris və elmi tədbirlərin akkreditasiyasını Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası həyata keçirəcək. Bundan başqa, davamlı peşəkar inkişaf tədbirlərinin akkreditasiya qaydası və davamlı peşəkar inkişaf tədbirlərinin kredit ekvivalentlərinin təsdiqlənməsi üçün tələblər də Səhiyyə Nazirliyi tərəfindən hazırlanaraq təsdiq olunacaq. Tibb işçilərinin kredit ekvivalenti çox fərqli olacaq. Məsələn, elmi fəaliyyətlə bağlı kredit ekvivalenti daha yüksəkdir. Özəl və dövlət sektorunda fərqlənmə olmayacaq, bütün tibb mütəxəssislərinə şamil olunacaq”, - deyə Səhiyyə Nazirliyinin rəsmisi qeyd edib.