Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Manset.az xəbər verir ki, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Nazirliyin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov aprelin 25-də Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Bərdə rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, dövlət qulluğuna qəbul qaydaları, örüş yerinin ayrılması və digər məsələlərlə bağlı olub. Şöbə müdiri İlham Süleymanov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Şöbə müdiri vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qəbuldan sonra Aqrar İnkişaf Könüllüləri ilə görüş keçirilib, aktiv fəaliyyəti ilə fərqlənən bir qrup könüllüyə sertifikatlar təqdim edilib.
Daha sonra İlham Süleymanov rayonun İmamqulu bəyli kəndində fermer Möhübbət Balışova məxsus intensiv nektarin və xurma bağları, “Zirvə Aqro” MMC-nin intensiv gilas bağına baş çəkib. Görüşlərdə meyvəçiliyin inkişafı, meyvə bağlarına düzgün aqrotexniki qulluq edilməsi, keyfiyyətli məhsul istehsalı, ixrac imkanlarının artırılması barədə fikir mübadiləsi aparılıb, fermerlərin dövlətin bu prosesə verdiyi dəstək mexanizmlərindən geniş yararlandığı qeyd olunub.