Aprelin
24-də Azərbaycan Yazıçılar Birliyində (AYB) Azərbaycan Dillər Universitetinin
rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla və AMEA-nın müxbir üzvü,
professor Rafiq Əliyevin müəllifi olduqları “Kitabi-Dədə Qorqud və qeyri-səlis
məntiq” və “Qeyri-səlis məntiq və nitq-dil” kitablarının təqdimatı olub.
Manset.az xəbər verir ki, Azərbaycan
Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid giriş
sözü ilə tədbiri açıq elan edib. Qeyd olunub ki, kitabın müəllifləri dünya şöhrətli
azərbaycanlı alim Lütfi Zadənin məşhur qeyri-səlis məntiq nəzəriyyəsinin dərinliklərinə
baş vuraraq, bu nəzəriyyəni humanitar elm sahələrinə uğurla tətbiq etməyi
bacarıblar.
Hər iki
müəllifin elmi yaradıcılığının zirvəsi olan bu unikal əsər Azərbaycan
dilçiliyində məntiq və dil arasındakı əlaqələrin təhlilində yeni istiqamətlərə
yol açır. Kitablar müasir dilçilik və məntiq sahələrində açdığı yeni üfüqlərlə
qeyri-səlis məntiqin sosial elmlərə geniş şəkildə tətbiq olunmasının
vacibliyini ön plana çıxarır. Kitabların Azərbaycanın elm tarixində bir çox
intellektual başlanğıcların mənbəyi ola biləcəyi diqqətə çatdırılıb.
Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar qonaqları salamlayıb, onları
görməkdən məmnun olduğunu bildirib. Qeyd edilib ki, Xalq yazıçısı Kamal Abdulla
və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin müəllifi olduqları “Kitabi-Dədə
Qorqud və qeyri-səlis məntiq” və “Qeyri-səlis məntiq və nitq-dil” kitabları təkcə
Azərbaycan ədəbiyyatı üçün deyil, həmçinin məntiq elmi üçün də unikal hadisədir.
Xalq
yazıçısı Anar çıxışında vurğulayıb ki, Lütfi Zadənin məşhur nəzəriyyəsindən bəhrələnən
Kamal Abdulla və Rafiq Əliyev yeni nəşrdə qeyri-səlis məntiqin ədəbiyyatda,
dilçilikdə, folklorda və nitqdə necə təzahür etdiyini, dilin özünəməxsus
xüsusiyyətlərini izah etməyə çalışıblar. Hər iki kitabın elmi əhəmiyyəti yalnız
bu nəzəriyyənin tətbiqi ilə məhdudlaşmır, eyni zamanda, yeni geniş tədqiqat sahələrini
işıqlandırır, dilçilik və məntiqi sintez edən yeni üfüqlər formalaşdırır.
Tanınmış
filosof-alim, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor
İlham Məmmədzadə kitablar haqqında fikrini bölüşüb. Hər iki kitab həm dilçilik
elminin, həm də fəlsəfə elminin qarşısında yeni üfüqlər açır. Bu da öz növbəsində
yeni tədqiqat işlərinin aparılması üçün mühüm amillərdən biri hesab olunur. Bu
fundamental tədqiqat L.Zadə tərəfindən təməli qoyulan qeyri-səlis məntiqin gələcəkdə
dilçilik və digər sosial elmlərdə daha geniş tətbiq olunacağına işarədir.
Müəlliflərin
ərsəyə gətirdikləri kitabların sosial elmlərdəki potensialını daha dərindən
anlamaq üçün mükəmməl platforma təqdim etməsi önə çəkilib.
Azərbaycan
Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, professor Çingiz Hüseynzadə
müəllifləri ərsəyə gətirdikləri unikal kitablar münasibətilə təbrik edib,
onlara yeni yaradıcılıq uğurları arzu edib.
Söylənilib
ki, “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq”
və “Qeyri-səlis məntiq və nitq-dil” kitabları elmi ictimaiyyət və
ziyalılar tərəfindən böyük maraqla qarşılanıb.
Akademik
Əli Abbasov çıxışında kitabların həm ədəbiyyatşünaslar, həm də informasiya nəzəriyyəçiləri
üçün faydalı və maraqlı olduğunu söyləyib. Azərbaycan elm tarixində qeyri-səlis
məntiq prinsipləri xalq yaradıcılığına, dastana ilk dəfə tətbiq edilməklə diqqət
çəkib.
Dastanın
mətni göstərir ki, qeyri-səlis məntiqin aparıcı ideoloji prinsipi olan seçim
imkanı və demokratik yanaşım tərzi, başqa sözlə desək, tolerantlıq xalqımıza qədim
zamanlardan bəri xas olan əbədi bir dəyərdir. Əcdadımız demokratik tərzdə
düşünməyi məhz qeyri-səlis məntiq prinsiplərindən yararlanaraq öyrənmişlər.
Onların bu prinsiplərdən bəhrələnməyi dünyagörüşlərindəki genişliyə olan meyil,
məsələnin dərinliklərinə, incəliklərinə canatma marağı sayəsində mümkün
olmuşdur.
Daha
sonra çıxış edənlər ədəbiyyatşünas, tərcüməçi Cəlil Nağıyev, AYB-nin katibi
şair-tərcüməçi Səlim Babullaoğlu, Azərbaycan Neft və Sənaye Universitetinin
prorektoru professor Lətafət Qardaşova, AMEA Dilçilik İnstitutunun direktoru,
professor Nadir Məmmədli, AMEA-nın Folklor İnstitutunun direktoru, dosent Hikmət
Quliyev, akademik Muxtar İmanov, professor Qorxmaz İmanov və əməkdar jurnalist
Tahir Aydınoğlu kitablar haqqında düşüncələrini bölüşüblər.
Qeyd
olunub ki, müəlliflər kitabda qeyri-səlis məntiqi dil və nitqə tətbiq edərək,
müxtəlif fərqli yanaşmaları irəli sürərək intellektual bir araşdırma ortaya
qoyublar.
Sonda
akademik Kamal Abdulla və professor Rafiq Əliyev kitabların yazılma prosesi
haqqında danışıblar. Bildirilib ki, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin
məşhur qeyri-səlis məntiq nəzəriyyəsi "Kitabi-Dədə Qorqud" dastanının
boylarına tətbiq edilməklə, diqqətəlayiq nəticələr əldə edilib.
“Kitabi-Dədə
Qorqud” və qeyri-səlis məntiq” kitabı Azərbaycan (üç dəfə), Almaniya və Türkiyədə
çap olunaraq, oxucular tərəfindən rəğbətlə qarşılanıb.
“Qeyri-səlis
məntiq və nitq-dil” kitabının yazılma məramından bəhs edən Kamal Abdulla qeyd
edib ki, qeyri-səlis məntiqin dil-nitq müstəvisində özünü göstərməsi indiyə qədər
hərtərəfli şəkildə öyrənilməmişdir. Mövzunun indiyə qədər sistemli öyrənilməməsi
isə onun bu günümüz üçün kifayət dərəcədə perspektivli və dərin olmasından xəbər
verir. Qeyri-səlis məntiq nəzəriyyəsinin
dilin özünəməxsus çoxmənalılıq və qeyri-xətti xüsusiyyətləri ilə uzlaşdırılması
müasir dilçilik elmi üçün yeni üfüqlər açır: “Biz bu kitabda qeyri-səlis məntiq
nəzəriyyəsini dilə tətbiqi ilə onun qeyri-xətti məqamlarını, çoxmənalılıq
xüsusiyyətlərini əhatəli şəkildə izah etməyə çalışmışıq. Bu kitab sosial elmlərdə
yeni bir dövr açmaq potensialına malikdir”.