Azərbaycan daha bir mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək. Belə ki, 2025-ci ilin 13-15 may tarixlərində Bakıda “Azərbaycan Hava Yolları”nın (AZAL) dəstəyi ilə IATA-nın (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) Aviasiya Enerji Forumu keçiriləcək.
Aviasiya Enerji Forumu (AEF) qlobal
aviasiya sənayesinin enerji və dayanıqlılıq məsələlərinə həsr edilən ən nüfuzlu
platformalardan biridir. Tədbir Qafqazda ilk dəfə keçiriləcək və aviasiya sənayesinin
mühüm məsələlərinin müzakirəsi, eləcə də gələcək enerji strategiyalarının müəyyənləşdirilməsi
məqsədini daşıyacaq. Bununla yanaşı, Azərbaycanın aviasiya və enerji sahələrində
beynəlxalq mövqelərinin gücləndirilməsi və əməkdaşlıqların genişlənməsi
baxımından önəmli bir addım olacaq. AZAL üçün bu tədbir ölkəmizin aviasiya
diplomatiyasını və enerji gündəmini beynəlxalq səviyyəyə çatdırmaq baxımından
yüksək əhəmiyyət daşıyır.
Forumun əsas mövzusunu aviasiya sektorunun karbonsuzlaşdırılması, dayanıqlı yanacaq növlərinin tətbiqi və enerji transformasiyası prosesində aviaşirkətlərin rolu təşkil edəcək. Tədbir zamanı təyyarə yanacağının kommersiya və texniki aspektləri, yanacaq tədarükü zəncirinin çətinlikləri, aviasiya sənayesinin vəziyyəti haqqında hesabatlar və digər mövzular ilə bağlı fikir mübadiləsi aparılacaq.
Bundan əlavə, AEF çərçivəsində Azərbaycanın yaşıl iqtisadiyyat strategiyası, tranzit və logistika imkanları, eləcə də enerji diplomatiyası kimi prioritet istiqamətlər xüsusi diqqət mərkəzində olacaq.
Qeyd edək ki, tədbirdə 60-a yaxın ölkənin və 65-dan çox aviaşirkətin nümayəndələri, ümumilikdə 700-ə yaxın qeydiyyatdan keçmiş iştirakçı bir araya gələcək.
Beləliklə, Forumda IATA üzvü olan aviaşirkətlərin nümayəndələri, o cümlədən yanacaq alqı-satqısı menecerləri və dayanıqlı inkişaf üzrə ekspertlər, IATA-nın Strateji Tərəfdaşları, yeni və ənənəvi yanacaq təchizatçıları, yanacaq xidmətləri təminatçıları və yanacaq sektorunun rəhbərləri də iştirak edəcək. Qlobal aviasiya yanacaq cəmiyyətinin aparıcı sənaye tədbiri olan AEF yalnız dəvət olunmuş IATA üzvləri və IATA-nın yanacaq sektorundakı strateji tərəfdaşları üçün nəzərdə tutulub.
AEF çərçivəsində iştirakçılar aviasiya və
enerji sahəsində panel müzakirələrində, kommersiya və texniki sessiyalarda iştirak
edəcək, sərgi iştirakçıları və sponsorlarla görüşəcək, bilik və təcrübə mübadiləsi
apararaq yeni əməkdaşlıq imkanları əldə edəcəklər.