Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Masallı rayonunda uzunluğu 23 km olan Xıl-Sirəbil-Çayqıraq-Molalan-Allahyarlı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işlərinə başlanılıb.
Manset.az xəbər verir ki, avtomobil yolunun yenidən qurulmasında məqsəd yolboyu yaşayan əhalinin gediş-gəlişini, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
Layihəyə uyğun olaraq yenidənqurma işləri texnoloji ardıcıllıq və yüksək keyfiyyətlə icra olunur.
Tikinti ərazisinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan işlər çərçivəsində əsasən yararsız asfalt, torpaq əsaslı və çınqıl örtüklü olan yollar 4-cü texniki dərəcəyə uyğun qurulur.
“İnşaat Norma və Qaydaları”na əsasən hazırda yolda torpaq işləri, yol yatağının genişləndirilməsi və suötürücü boruların quraşdırılması işləri icra olunur. Layihə üzrə zəruri yerlərdə mövcud körpülərinin təmiri və tikinitisi də nəzərdə tutulub.
Layihənin sonuncu mərhələsində yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla avtomobil yolu müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.