Aprelin 18-də SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun Bərdə şəhərində növbəti vətəndaş qəbulu keçirilib.
Manset.az xəbər verir ki, Bərdə rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında baş tutan görüşdə Birliyin baş direktoru Azər Məmmədov Tərtər və Bərdə rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.
Birliyin baş direktoru görüşdə iştirak edən 60-dan artıq vətəndaşın hər birini fərdi qaydada dinləyib. Qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər məsələlərin isə araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti struktur bölmələrə göstəriş verilib.
Görüş zamanı müraciət edən sakinlərə fərdi mənzillərin qazlaşdırılması, sayğac quraşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi, işə qəbul prosesi və s. məsələlərlə bağlı prosedurlar barədə də ətraflı məlumat verilib. Ünvanlanan müraciətlərin icrası nəzarətə götürülüb və nəticələri barədə vətəndaşlara əlavə məlumatların veriləcəyi bildirilib.