Azərişıq” ASC fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, yaranan çətinliklərin aradan qaldırılması məqsədilə regionlarda mütəmadi görüşlər təşkil edir, onların fikirləri, təklifləri, tövsiyələri dinlənilir. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən belə tədbirlərdən biri Sabirabadda baş tutub.
Manset.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının inzibati binasında təşkil olunan görüşə 50-dək sahibkar və yerli sakin qatılıb. Tədbirdə “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktor müavini İnam Yusifov, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev, Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Elnur Həsənov, Sabirabad rayon İcra Hakimiyyətinin başçısının müavini Nəsir Mirzəliyev iştirak edib.
Görüş zamanı sahibkar və vətəndaşlara
“Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma və əsaslı təmir
işləri barədə geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, dövlət başçısının
tapşırıqları əsasında bu gün ölkənin ən ucqar dağ rayonlarında belə ötən əsrin
50-60-cı illərindən qalma elektrik şəbəkələri yeniləri ilə əvəzlənir. Müxtəlif
gücdə yarımstansiyalar tikilir, yeni transformatorlar quraşdırılır. Müasir şəbəkələrin
yaradılması enerji itkisinin qarşısının alınması ilə yanaşı əhali və qeyri-əhali
abonentlərinin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına
hesablanıb.
Həmçinin elektron xidmətlər barədə
sahibkar və vətəndaşlarla maarifləndirmə söhbətləri aparılıb, xidmət mərkəzlərində
göstərilən bütün xidmətlər haqqında ətraflı və dolğun məlumat təqdim edilib. Tədbir
zamanı yeni elektrik təchizatı şəbəkəsinə qoşulma prosesi, texniki şərtlərin
verilməsi və ödəniş qaydaları izah edilib. Bununla yanaşı vətəndaşların daha
çox müraciət etdikləri digər xidmətlər- abonentin balansındakı avadanlıqlara
texniki xidmət göstərilməsi, çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyatı,
sayğac zədələnməsi hallarında görüləcək tədbirlər, qeyri-əhali abonentlərinin
ad dəyişikliyi prosedurları, smart kartın və qüsurlu ödənişlərin bərpası xidmətləri
barədə ətraflı məlumatlar verilib, onların sualları cavablandırılıb. Eyni
zamanda, həm ASAN Xidmət mərkəzlərində, həm də elektron platformalar üzərindən
təqdim edilən bütün xidmətlər barədə geniş məlumat paylaşılıb. Vətəndaşların və
sahibkarların müraciətlərinin daha asan və sürətli həlli üçün yaradılan
imkanlar vurğulanıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada
quruma müraciət etmə imkanları ətraflı izah olunub. Fermerlərin və yerli sakinlərin
müxtəlif məsələlərlə bağlı sualları dinlənilib, qaldırılan bəzi problemlər
yerindəcə həll edilib.
Görüş zamanı sahibkarlara “Azərişıq”
ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin təşkil etdiyi “Sabaha yaşıl işıq”
kursları barədə də ətraflı məlumat verilib. Bildirilib ki, Elm və Təhsil
Nazirliyi tərəfindən verilən lisenziya əsasında aparılan tədris kurslarında dərin
biliyə, bacarığa və yüksək peşə hazırlığına malik mütəxəssislər yetişdirilir. 1
aylıq kursları başa vuran müdavimlərə dünyanın bir çox aparıcı energetika şirkətləri
tərəfindən tanınan sertifikatlar təqdim edilir.
Abonentlərin dayanıqlı və fasiləsiz
elektrik enerjisi ilə təmin olunması, həmçinin elektrik enerjisi itkilərinin
minimuma endirilməsini hədəfləyən “Azərişıq” ASC mütəmadi olaraq ölkənin bütün
regionlarında maarifləndirici tədbirləri davam etdirir.