ABŞ Prezidenti Donald Trampın administrasiyası Çinlə gərginliyi azaltmaq məqsədilə bu ölkədən tədarük edilən mallara gömrük rüsumlarını azaltmaq imkanını araşdırır.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat verib.
Nəşrin məlumatına əsasən, güman ki, ABŞ Çinə qarşı rüsumları 50-65% azalda bilər. Bundan başqa, rəsmi Vaşinqton rüsumların azaldılmasına diferensial yanaşma tətbiq etmək imkanını araşdırır. Qeyd olunub ki, D.Tramp hələ bu məsələ ilə bağlı yekun qərar qəbul etməyib, bu addımın həyata keçirilməsinin mümkün variantları ilə bağlı müzakirələr davam edir.
Xatırladaq ki, aprelin 22-də ABŞ-nin maliyyə naziri Skot Bessent bildirmişdi ki, Vaşinqton və Pekin ticarət münasibətlərində mövcud gərginlik səviyyəsini saxlamaq iqtidarında deyil və buna görə də hər iki tərəf gərginliyin azaldılması yollarını axtarmalı olacaq.
Daha əvvəl ABŞ lideri bəyan etmişdi ki, ölkəsi Çin mallarına rüsumları azaldacaq, lakin bunu tamamilə aradan qaldırmayacaq. Hazırda ABŞ-nin Çinə qarşı gömrük rüsumları ümumilikdə 145 %-ə çatır. Pekin cavab tədbirləri görərək Birləşmiş Ştatlara qarşı gömrük rüsumlarını 125 %-ə çatdırıb.