2019-cu ildən etibarən ölkəmizdə ianəçilik mədəniyyətinin
formalaşmasına dəstək olan Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə
hesabatlarını təqdim edib. “Cəmiyyət”, “Ətraf
mühit” və “Heyvanların mühafizəsi” istiqamətlərində fəaliyyət göstərən fond
donorlar tərəfindən maliyyələşir. Ötən 3 ay ərzində fonda 2753 donor tərəfindən 54737 manat
ianə edilib. Toplanan vəsaitlər hesabına bir çox vacib və marqlı layihə həyata
keçirilib.
Fon cari ilin ilk rübündə sosial
həssas qrupdan olan 25 ailəyə himayə yardımları göstərib. Xalqımızın
yardımlaşma ənənəsini davam etdirmək məqsədi ilə “Novruz payı” və “Ramazan payı”
aksiyaları baş tutub. Aksiya çərçivəsində redhearts.az vebsaytı və Birbank
mobil tətbiqi vasitəsilə 986 donordan 9673 manat ianə toplanıb. Kampaniya
çərçivəsində 39 bölgədən olan 485 ailəyə 70 manat dəyərində bayram sovqatı çatdırılıb.
Eyni zamanda Xaçmaz rayonunda 7 dəfə iftar süfrəsi təşkil olunub.
Artıq üçüncüsü reallaşan “Qırmızı
Ürəklər təhsil təqaüdü proqramı” ötən dövrdə də həyata keçirilib. Proqrama
müraciət edən 306 nəfərdən 69 nəfəri ikinci mərhələyə keçsə də qalib olmaq
şansını 23 nəfər əldə edib. Yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan,
sosial baxımdan həssas əhali qrupuna aid həmin tələbələrə tədris ilinin
sonundadək aylıq 200 AZN təqaüd təqdim ediləcək.
Fondun inklüziv cəmiyyət naminə
başlatdığı “Bütün vücudlar danışır” layihəsi cari ildə də davam edir. Layihənin
məqsədi əlilliyi olan şəxslərin həyat keyfiyyətinin yüksəldilməsi, inklüziv
mühitin formalaşdırılmasıdır. Layihəyə 414 nəfər sağlamlıq imkanları məhdud
olan uşaq, qazi, eləcə də ahıl və əlilliyi olmayan şəxslər cəlb edilib.
Cəmiyyətin müxtəlif fərdlərini əhatə edən layihədə rəqs təlimləri təşkil
olunur.
Ətraf mühitin qorunması
istiqamətində fondun Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata
keçirdiyi “Batareyaları təhvil ver,
təbiəti qoru” layihəsinə bu il Kapital Bank-da qoşulub. Əməkdaşlıq nəticəsində
bankın baş ofisi və filiallarında 149 zərərli tullantı qutusu yerləşdirilib. Bundan
əlavə 21 məntəqədən 319 kiloqram batareya toplanaraq “Tullantıları İdarəetmə
Mərkəzi”nə təhvil verilib.
Qeyd edək ki, “Qırmızı Ürəklər”
Fondu ötən il ekologiyanın qorunması istiqamətində həyata keçirdiyi uğurlu
fəaliyyətinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Ən yaxşı tərəfdaş”
mükafatına layiq görülüb. Həmçinin fond Azərbaycanda ilk dəfə olaraq Korporativ
Könüllülük Konsepsiyasını qəbul edib. Konsepsiyanın məqsədi əmək fəaliyyəti ilə
məşğul olan şəxslərin sosial fəaliyyətlərdə fəal iştirakını təmin etmək və
ölkənin bütün regionlarına könüllülər vasitəsilə əlçatanlığı təmin etməkdir. Bu
konsepsiya əsasında Kapital Bank-da çalışan 244 əməkdaş fondun könüllüsü olub.
Fond həmçinin ianəçilik mədəniyyətinin əhatə
dairəsini genişləndirmək məqsədi ilə “m10” mobil tətbiqində də yer alır. Bununla da
vətəndaşlar birbaşa və asan şəkildə fonda ianələr edə bilərlər.
Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu
2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb.
2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin
formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası,
təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib
mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi
yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun
fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək
olmaq üçün https://redhearts.az saytına
daxil olmaq kifayətdir.