Yuxunun beyinə gizli təsirləri  

21:07 - 24 Aprel 2025

Yuxunun beyinə gizli təsirləri  

Çinin Kembric Universiteti və Fudan Universitetinin tədqiqatçılarının apardıqları yeni araşdırma, erkən yatıb daha uzun yatan yeniyetmələrin koqnitiv testlər zamanı daha yaxşı nəticələr göstərdiyini müəyyən edib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, "Cell Reports" jurnalında dərc olunan məqalə uşaq və yeniyetmələrdə beyin sağlamlığının və inkişafının öyrənilməsi üzrə genişmiqyaslı layihənin bir hissəsi olub.

Tədqiqatçılar fitnes-trekerlərdən istifadə etməklə əldə edilən 3200-dən çox yeniyetmənin yuxu məlumatlarını, həmçinin MRT və koqnitiv testlərin nəticələrini təhlil ediblər. Alimlər bu məlumat əsasında müxtəlif yuxu vərdişlərinə malik üç qrup iştirakçı müəyyən ediblər. Ən yaxşı nəticələr daha tez yatmağa gedən, daha çox yatan və yuxu zamanı ürək döyüntüsünün sayı daha az olan yeniyetmələrdə müşahidə edilib. Onlar yaddaş, təfəkkür, söz ehtiyatı və problem həlli ilə bağlı tapşırıqlarda daha yüksək bal toplayıb, həmçinin onların beyin həcmi daha böyük və beyinin müxtəlif hissələrinin funksiyaları daha yaxşı olub.

Maraqlıdır ki, qruplar arasında yuxu müddətinin fərqi cəmi 10-15 dəqiqə olub, lakin bu əhəmiyyətsiz kimi görünən amil yeniyetmələrin beyininin inkişafına əhəmiyyətli dərəcədə təsir edib. Tədqiqatın müəllifləri vurğulayıblar ki, iştirakçıların təhsil nailiyyətləri ciddi şəkildə fərqlənməsə də, müntəzəm və keyfiyyətli yuxu xüsusilə yeniyetmələrin inkişafının kritik dövründə beyin funksiyalarının yaxşılaşdırılmasında mühüm rol oynayır.

Elm adamları yeniyetmələrə və onların valideynlərinə yuxu rejimini optimallaşdırmaq və idrak qabiliyyətlərini yaxşılaşdırmaq üçün bəzi məsləhətlər veriblər:

1. Axşam saatlarında smartfon, planşet və kompüterlərdən istifadəni məhdudlaşdırmaq lazımdır, çünki ekrandan gələn mavi işıq melatonin ifrazını poza və yuxuya getməyi çətinləşdirə bilər;

2. Gün ərzində daha dərin və keyfiyyətli yuxuya səbəb olan fiziki fəaliyyəti artırmaq lazımdır;

3. Sabit yuxu rejiminə riayət etmək, hətta həftə sonları da təxminən eyni vaxtda yatıb eyni vaxtda oyanmaq lazımdır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv