- Naxçıvanda fərdi baytarlarlıq xidməti ilə məşğul olan şəxslərə yeni avadanlıq və ləvazimatlar təqdim olunub.
- Manset.az xəbər verir ki, bu məqsədlə Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyində keçirilən tədbirdə kənd təsərrüfatı naziri vəzifələrini icra edən,
nazir müavini Xəyalə Dadaşova çıxış edərək
mal-qaranın sağlamlığının qorunmasının birbaşa insan sağlamlığına xidmət
etdiyini vurğulayıb. Bu sahədə aidiyyəti dövlət qurumlarının, o cümlədən
istehsalçıların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edən nazir müavini dövlət
dəstəyi hesabına vaksin ehtiyatı yaradıldığını, mütəmadi olaraq bölgələrdə peyvəndləmə
tədbirlərinin aparıldığını diqqətə çatdırıb.
- Bildirilib ki, vaksin ehtiyatı yaradılarkən onların
saxlanması və daşınması zamanı soyuq zəncir
prinsiplərinə əməl olunmalıdır. Soyuq zəncir prinsipləri gözlənilmədikdə vaksinlər
keyfiyyətini itirir. Eyni zamanda dezinfeksiya işləri apararkən fərdi geyim
vasitələrilə təminat da həyata keçirilməlidir. Bütün bunlar nəzərə alınaraq
Nazirlik tərəfindən fərdi baytarlarlıq xidməti ilə məşğul olan şəxslər üçün
yeni avadanlıq və ləvazimatlar alınıb.
“Dövlət
Proqramında heyvandarlığın inkişafı prioritet istiqamətlərdən biri kimi yer
alıb”- deyən Xəyalə Dadaşova bu sahənin inkişaf etdirilməsi məqsədilə damazlıqla
məşğul olan heyvandarlıq təsərrüfatlarının formalaşdırılması istiqamətində də
iş aparıldığını nəzərə çatdırıb. Qeyd olunub ki, Nazirlik tərəfindən damazlıq
heyvandarlıq təsərrüfatının uçota alınmasına dair xidmətlərin göstərilməsi üçün
reqlament təsdiq olunub. Reqlamentdə ölkəmizin digər bölgələrinə münasibətdə fərqli
yanaşma tətbiq olunub. Belə ki, ölkəmizin digər bölgələrində cins iribuynuzlu heyvanların
damazlıq təsərrüfatı üzrə 100 baş inəyin və 80 baş camışın olması tələb
olunursa, muxtar respublika üzrə say 30 baş inək və 10 baş camışdır.
Xırdabuynuzlu heyvanlara münasibətdə isə ölkəmizin digər bölgələrində 500 baş
ana qoyunun və 200 baş ana keçinin olması mütləqdirsə, muxtar respublikada 150
baş qoyunun və 50 baş keçinin olması nəzərdə tutulub.
Sonra digər çıxışlar dinlənilib, yeni təqdim olunan
avadanlıqlara baxış keçirilib.
Qeyd edək ki, muxtar respublika üzrə fərdi
baytarlarlıq xidməti ilə məşğul olan şəxslər üçün 87 soyuducu, 100 dezinfeksiya
aparatı və 100 termoçamadan, o cümlədən zəruri ləvazimatlar və geyim dəstləri
alınıb.