Media və hüquq bir arada - Jurnalistlərə Konstitusiya hüquqları izah edildi

15:40 - 22 Aprel 2025

Media və hüquq bir arada - Jurnalistlərə Konstitusiya hüquqları izah edildi

Aprelin 22-də Hüquq və İnsan Haqları İnstitutu “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə birgə bir sıra media qurumlarının nümayəndələri üçün məlumat sessiyası təşkil edib. 


Manset.az xəbər verir ki, “Konstitusiya ali hüquqi sənəd kimi: Əsas insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı” mövzusunda keçirilən bu mühüm tədbir 27 media nümayəndəsinin iştirakı ilə gerçəkləşib. 

Tədbirin açılışında iştirakçıları salamlayan İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev Medianın İnkişafı Agentliyi ilə İnstitut arasında mövcud olan səmərəli əməkdaşlıqdan bəhs edib. Eyni zamanda V.İbayev İnstitutun jurnalistlər üçün faydalı ola biləcək resursları və tədbirləri barədə məlumat verib. 

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli çıxışında “Konstitusiya və Suverenlik İli” çərçivəsində medianın qarşısında duran əsas vəzifələrdən danışıb. O, bildirib ki, bu dövrdə hüquq və azadlıqların, konstitusiya prinsiplərinin cəmiyyətə düzgün çatdırılması medianın əsas məsuliyyətlərindəndir. 

N.Məmmədli, həmçinin medianın demokratik dəyərlərin təbliğində etibarlı və obyektiv platforma rolunu oynamasının vacibliyini də vurğulayıb.

İnstitutun təlimçi-ekspertləri Zümrüd Əlizadə və Heydər Həsən oğlu Əliyev insan hüquqlarının mahiyyəti, Konstitusiyada təsbit olunan əsas hüquqlar və beynəlxalq müdafiə mexanizmləri barədə geniş təqdimatla çıxış ediblər. Bununla yanaşı Konstitusiyada təsbit edilən təhsil, əmək, mənzil, yaradıcılıq azadlığı, ana dilindən istifadə, mülki və siyasi hüquqlarla bağlı məsələlər də müzakirə olunub.

Məlumat sessiyası qarşılıqlı fikir mübadiləsi və iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv