Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvləri ilə görüş keçirilib.
Manset.az xəbər verir ki, konfederasiya
sədri Sahib Məmmədov ölkəmizdəki demokratik mühitin həmkarlar ittifaqlarının səmərəli
fəaliyyətinə və əmək hüquqlarının effektiv müdafiəsinə açdığı geniş imkanlardan
danışıb, dövlətimizin bu sahəyə diqqət və qayğısını vurğulayıb.
Bildirilib
ki, ittifaq üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi, qabaqcıl
beynəlxalq standartlara uyğun sağlam və təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində
kompleks addımlar atılır, müalicə və istirahətinin səmərəli təşkili məqsədilə sanatoriya-kurort
müəssisələrinin fəaliyyəti davamlı olaraq təkmilləşdirilir.
AHİK-də
aparılan struktur və kadr islahatlarından, qadınların və gənclərin həmkarlar
ittifaqları sistemində rolunun artırılması istiqamətində görülən işlərdən
danışan Konfederasiya sədri yeni layihələr, o cümlədən “AHİK könüllüləri”,
“Layiqli Əmək Səfirləri”, “AHİK Plus”, “Həmkardan həmkara qayğı ilə”,
“Sağlamlığa doğru qaç” layihələri barədə deputatlara məlumat verib. Vurğulanıb
ki, yollayışların vahid mərkəzdən verilməsi üçün “Kurort” Turizm İnformasiya Mərkəzi
yaradılıb, hazırda prosesin tam rəqəmsallaşdırılması işləri aparılır.
Görüşdə
Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə əməkdaşlığın genişləndirilməsinin
əhəmiyyəti və həmkarlar ittifaqı sisteminin inkişafına verəcəyi töhfələrdən də
bəhs olunub.
Sonra
AHİK-in fəaliyyəti, eləcə də “Layiqli Əmək Səfirləri”, “Həmkardan həmkara qayğı ilə”, "AHİK Plus" layihələrindən
bəhs edən videomateriallar nümayiş olunub.
Milli
Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Konfederasiya tərəfindən
həyata keçirilən islahatları və yenilikləri yüksək qiymətləndirib, əmək münasibətlərinin
tənzimlənməsi, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında həmkarlar
ittifaqlarının xüsusi rolunu qeyd edib. Musa Quliyev sosial sahədə
qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı görülən işləri diqqətə
çatdırıb, eləcə də AHİK-lə əlaqələrin inkişafının əmək hüquqlarının qorunmasında
önəmini vurğulayıb.
Görüşdən
sonra Milli Məclisin üzvləri AHİK-də vətəndaşların qəbulu üçün yaradılmış şəraitlə,
həmçinin Çağrı Mərkəzi ilə tanış olublar.
Ardınca
dövlət qurumları nümayəndələrinin və deputatların iştirakı ilə AHİK tərəfindən yeni
yaradılan Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin açılışı olub.
Bununla
əlaqədar keçirilən tədbirdə Konfederasiya sədri Sahib Məmmədov Əməyin Mühafizəsi
və Hüquqi Yardım Mərkəzinin vəzifələri və fəaliyyət istiqamətləri barədə ətraflı
məlumat verib. Bildirilib ki, Mərkəzdə əmək müfəttişləri tərəfindən ittifaq
üzvlərinin müraciətləri cavablandırılacaq, əmək münasibətlərində qarşılaşdıqları
hüquqi məsələlərlə bağlı onlara yardım göstəriləcək, maarifləndirmə işləri
aparılacaq.
Tədbirdə
çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa
Quliyev, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, əmək və əhalinin
sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və deputat Ziyad Səmədzadə
Konfederasiya tərəfindən həyata keçirilən layihələrin, tətbiq olunan yeniliklərin
önəmini vurğulayıb, görülən işlərin dövlətimizin sosial siyasətinə əhəmiyyətli töhfə
olduğunu qeyd edib, Mərkəzin fəaliyyətinə uğurlar arzulayıblar.
Sonra
Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinə baxış keçirilib. İştirakçılar həmçinin
eyni məkanda yerləşən “Kurort” Turizm İnformasiya Mərkəzinin fəaliyyəti ilə də
tanış olublar.