"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyəti ilə bağlı dəfələrlə bizə də şikayət müraciətləri edilir. Bəzi yerlərdə avtobus zolaqları, onların yaratdığı tıxaclar və məcburi cərimələrlə bağlı şikayətlər var. Təmsil etdiyim Sabunçu rayonundan konkret yerlərlə bağlı şikayətləri ümumiləşdirib AYNA-ya təqdim etməyi düşünürəm. Eyni zamanda Bakı şəhərində digər rayonların ərazisindən müraciətlər olur. Həmin müraciətlərdən birini deputat həmkarımız ünvanladı, ancaq həllini tapmadı. 9-ci mikrorayon ərazisində birbaşa bina çıxışında olan, sakinlərin daim istifadə etdiyi piyada keçidi başqa yerə köçürülmüşdü. Ləğv etmə səbəbi də həmin piyada keçidinin 2 avtobillik yeri tutması idi. Həmin ərazidə daha sonra ləğv edilən keçid olan hissədə bir neçə dəfə sərnişinlərin xəsarət alması ilə nəticələnən qəza baş verib".
Manset.az Demokrat.az-a istinadən xəbər verir ki, bu fikirləri deputat Arzuxan Əlizadə deyib.
Deputat bildirib ki, Bakı şəhərində tıxac probleminin artması və digər küçələri də əhatə etməsi problemi qalmaqdadır:
"Velosiped və "scooter"lər üçün zolaqların olması müsbət tendesiya olsa da, ancaq tıxac problemini ağırlaşdırır. Hər küçədə avtobus, velosiped zolağı olmaq məcburiyyətində deyil. Əsas məsələ vətəndaş məmluğunu təmin etməkdir".
Deputatın sözlərinə görə, AYNA-nın əsas məqsədi cərimə yığmaq yox, tıxaca yol açan problemləri aradan qaldırmaq olmalıdır:
"Təəssüf ki, problem getdikcə dərinləşir, bir neçə ildən sonra Bakıda tıxacın yaradacağı xaos qarşısı alınmaz olacaq. Parklanma yerlərinə, piyada keçidlərinə, velosiped zolaqlarına yenidən baxılmasına ehtiyac var. Parklanma yerlərinin pullu olması ilə bağlı da kifayət qədər şikayətlər var. Yeni binalar tikilir, infrastruktur layihələr həyata keçirilir, amma binaların və obyektlərim yaxınlığında pulsuz parklanma yerləri yoxdur. Yerlərin məhdud olması da əlavə problemlər yaradır. Yol kənarında olan obyekt sahibləri də dəfələrlə müraciət ediblər ki, obyektlərinin qarşısında maşın saxlamaq üçün icazə yoxdur. Bu da birbaşa həmin obyektlərin ciddi sürətdə mənfi təsir göstərir, maliyyə itkisi olur. Bu məsələlər kompleks olaraq müvafiq qurumlar tərəfindən həll olunmalıdır. Vətəndaş məmnunluğu təmin edilməklə yanaşı, nəqliyyatın intellektual idarə edilməsi məsələsi həll edilməlidir ki, insanlar boşuna cərimə olunmasınlar".