Aprelin 18-i gecə saatlarında Xaçmazda 15 yaşlı Bağırov Elçin Elman oğlu bataqlığa düşüb.
Manset.az Azərtac-a istinadən xəbər verir ki, E.Bağırov Niyazabad kəndi ərazisində, dəniz sahilində yerləşən bataqlıqda boğulub.
Hadisə şahidlərinin dediyinə görə, yeniyetmə at belində mal-qara otaran zaman bataqlığa yıxılıb. At sudan çıxa bilsə də, Elçin xilas ola bilməyib.
Yeniyetmənin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə xidmətinin əməkdaşları, dalğıclar və kənd sakinləri cəlb olunub. İlkin mərhələdə yeniyetmənin meyitini aşkarlamaq mümkün olmayıb. Yalnız traktorlar vasitəsilə kanallar açılaraq su hövzəsi boşaldıldıqdan sonra səhər saatlarında E. Bağırovun meyiti aşkarlanıb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edilib ki, E.Bağırov Niyazabad kənd tam orta məktəbinin IX sinfində təhsil alırdı. Aprelin 17-də məktəblinin 15 yaşı tamam olub.