"Ana olmaq istəyən qadın plastik əməliyyatın nəticələrini əvvəlcədən düşünməlidir. Süd vəzilərini plastik əməliyyat etdirən qadın sabah hamilə olanda övladına ana südü verməli olduğunu bilməlidir".
Manset.az APA-ya istinadən xəbər verir ki, bunu müsahibəsində TƏBİB-in Doğuşayardım Komissiyasının sədri, Sumqayıt Tibb Mərkəzinin direktor müavini, Perinatal Mərkəzin rəhbəri Təranə Rəcəbli deyib.
Süd vəzilərinə müdaxilə edən qadınlar ana südü vermə imkanını nəzərə almalıdır
"Bəzən elə hallar olur ki, qadın məcburiyyətdən plastik əməliyyat etdirməli olur. Belə halda maksimum diqqətli olmalı, həm plastik cərrah, həm mama-ginekoloq müştərək çalışmalıdır ki, risklər minimuma endirilsin. Məsələn, süd vəzilərini plastik əməliyyat etdirən qadın sabah hamilə olanda övladına ana südü verməli olduğunu bilməlidir. Bunun heç bir problemi yoxdur, ana südü verə bilər. Amma risklər qaçınılmazdır. Ona görə də həkim məsləhəti ilə mütəmadi müayinələrlə nəzarətdə olmalıdır. Bununla da riskləri minimuma endirmək olar", - o, əlavə edib.
Plastik əməliyyatda mama-ginekoloq və plastik cərrahın əməkdaşlığı vacibdir
Təranə Rəcəbli müsahibəsində bədənşəkilləndirmə əməliyyatı etdirmək istəyən qadınlara da müraciət edib:
"Uşaqlıqda döl inkişaf edir. Bir qadın bu əməliyyatı arzulayırsa, öncədən planlaşdırmalıdır ki, gələcəkdə ana olmaq istəyir, ya yox. İstəyirsə, bilməlidir ki, onsuz da o forma yenidən pozulacaq. Hamiləlik mürəkkəb prosesdir və qadın orqanizmində çox dəyişiklik edir".
Kimyəvi və allopatik müalicələrdən hamiləlik dövründə uzaq durulmalıdır
O bildirib ki, hamiləlik dövründə qadın həm öz sağlamlığını, həm də körpənin sağlamlığını düşünməlidir:
"Qadın hər hansı kimyəvi, hətta allopatik müalicələrdən qaçmalıdır. Bunların hamısı dölə təsir edən faktordur. Ana və uşaq sağlamlığının əsas determinantlarından biri reproduktiv sağlamlığa sahib çıxılmasıdır. Əlbəttə, bu prosedurların hamiləlik dönəmində edilməsi düzgün deyil".