YAP Yasamal rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan Respublikası Konstitusiyasının leksik- terminoloji sistemində millilik və beynəlmiləllik” mövzusunda gənclərlə görüş keçirilib.
Manset.az xəbər verir ki, görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar
Nəbiyev, BDU-nun Ümumi dilçilik kaferasının müdiri, akademik, f.e.d, Azərbaycan
Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov, YAP Yasamal rayon təşkilatının əməkdaşları,
YAP Yasamal rayonu üzrə ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri,
rayonun ali təhsil müəsissələrində təhsil alan gənc tələbələr iştirak edib.
Görüşün rəsmi hissəsindən öncə Yasamal rayonu ərazisində
yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin suverenliyi və ərazi
bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri anılıb.
Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən ümummilli
lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin
ehtiramla yad edilib.
Görüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda
canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
Sonra “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar
olaraq videoçarx nümayiş olunub.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev
çıxışında qeyd edib ki, 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və
Suverenlik İli” elan edilməsi təsadüfi deyildi. Konstitusiya, hüquqi dövlətin əsas
dayağı kimi, bu il daha geniş şəkildə təbliğ olunmuş, onun prinsipləri ictimai
və siyasi həyatımızda daha da möhkəmləndirilmişdir. Azərbaycanın dövlət müstəqilliyinin
qorunması və inkişafı məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsidir.
1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının ilk müstəqil
Konstitusiyası da məhz onun rəhbərliyi ilə hazırlanmış və ölkənin hüquqi-siyasi
inkişafının əsasını qoymuşdur. Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursu
bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident
İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz təkcə siyasi sabitlik və iqtisadi inkişaf
deyil, eyni zamanda beynəlxalq aləmdə güclü mövqe qazanmışdır. Xüsusilə əldə
edilən tarixi Zəfərlər Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməklə,
Konstitusiyada əks olunan prinsip və dəyərlərin reallıqda təsdiqinə çevrildi.
Bu Zəfər təkcə hərbi deyil, həm də siyasi və mənəvi qələbədir. Azərbaycan xalqı
öz iradəsini, mübarizə ruhunu və dövlətinə sədaqətini nümayiş etdirdi.
Suverenliyin bərpası hüquqi baxımdan Azərbaycan tarixində yeni dövr açdı. Bu il
həm də sübut etdi ki, güclü liderlik, xalqın birliyi və hüquqi əsasların möhkəmliyi
dövlətin suverenliyini təmin edən ən vacib amillərdir. Bu gün Azərbaycan
Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində
müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir,
Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda
duran strateji hədəflərə doğru inamla irəliləyir.
Çıxış edən BDU-nun Ümumi dilçilik kaferasının müdiri, akademik, f.e.d, Azərbaycan Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov ilk öncə “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyətindən və ölkəmizin əldə etdiyi uğurlardan bəhs edib. Qeyd olunub ki, Azərbaycan Respublikası Konstitusiyası həm milli dövlətçilik prinsiplərinə, həm də beynəlxalq hüquq normalarına uyğun tərtib olunmuş ali hüquqi sənəddir. Onun leksik-terminoloji sistemi də bu iki istiqamətin – millilik və beynəlmiləlliyin – qarşılıqlı vəhdətini əks etdirir. Konstitusiyada istifadə olunan terminlərin bir qismi Azərbaycan xalqının dövlətçilik ənənələrinə, tarixən formalaşmış milli hüquq şüuruna əsaslanır. “Azərbaycan xalqı”, “müstəqillik”, “suverenlik”, “dövlət dili” kimi anlayışlar milli kimliyi və dövlətin milli əsaslar üzərində qurulduğunu vurğulayır. Bu terminlər Konstitusiyanın ideoloji ruhunu formalaşdırmaqda mühüm rol oynayır. Bu, Azərbaycan Respublikasının beynəlxalq hüququn subyekti kimi öz üzərinə götürdüyü öhdəlikləri, insan hüquqlarına və demokratik dəyərlərə sadiqliyini əks etdirir. Terminoloji baxımdan Konstitusiyada həm türk hüquq ənənələrindən gələn sözlər, həm də beynəlxalq hüquq sistemindən alınmış terminlər ahəngdar şəkildə istifadə olunur. Bu isə milli hüququn müasirliklə və qlobal hüquq sistemləri ilə sintezini təmin edir. Millilik – Konstitusiyanın ana dilində yazılması, milli mənəvi dəyərlərin qorunması, dövlət atributlarına verilən yer və xalqın birliyinə vurğu ilə ifadə olunur. Beynəlmiləllik isə insan hüquqlarının ümumbəşəri xarakter alması, beynəlxalq təşkilatlarla əməkdaşlıq və hüquqi harmonizasiya ilə bərqərardır. Beləliklə, Konstitusiyanın leksik-terminoloji sistemi milli dövlət quruculuğu ilə beynəlxalq hüquqi inteqrasiyanın uzlaşdırıldığı bir hüquqi modelin nümunəsidir. Bu harmonik yanaşma Azərbaycan dövlətçiliyinin həm müstəqil, həm də qlobal hüquq ailəsinə mənsub bir dövlət kimi inkişafını təmin edir.
Çıxışlardan sonra gənclərin çoxsaylı sualları
cavablandırılıb.
Sonra YAP Yasamal rayon təşkilatında könüllülük fəaliyyətini
müvəffəqiyyətlə başa vuran fəal gənclərə sertifikatlar təqdim olunub.
Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Sonda
xatirə şəkli çəkdirilib.