Azərbaycan və İsrailin xarici işlər nazirləri Ceyhun Bayramovla Gideon Saar arasında görüş keçirilib.
Manset.az xəbər verir ki, bu barədə məlumatı İsrailin XİN rəhbəri öz “X” hesabında paylaşıb.
Məlumata görə, Əbu Dabidə baş tutan görüş zamanı azərbaycanlı həmkarı ilə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Xatırladaq ki, C.Bayramov BƏƏ-də səfərdədir.
***
Azərbaycan XİN nazirlərin görüşü barədə məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan və İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional və qlobal vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
İki ölkə arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, humanitar sahələr üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın rolu qeyd olunub:
“Tərəflər, habelə, yüksək texnologiyalar, səhiyyə və təhsil sahələrindəki təcrübə mübadiləsinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Ölkəmizin, Yaxın Şərq regionunda sülh və sabitliyin bərqərar edilməsini, o cümlədən İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həlli prosesini dəstəklədiyi bir daha qeyd olunub.
Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan sülh prosesi barədə ətraflı məlumatlandırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb”.